Polşanın daxili işlər naziri Mariuş Kaminski deyib ki, Belarusdakı “Vaqner”çilər Polşa ilə sərhəddə təxribat törədə bilərlər. O bildirib ki, “Vaqner” Xüsusi Hərbi Şirkətin üzvləri konkret tapşırıqları yerinə yetirmək üçün iki ölkə sərhədinə gələ bilərlər: “Polşa ölkə sərhədində sabitliyin pozulmasına imkan verməyəcək. Ona görə də artıq qabaqlayıcı tədbirlər görülür”.
Nazirin sözlərinə görə, Belarusdakı “Vaqner”çilər Polşa ilə yanaşı, Ukrayna və Litva üçün də təhdid yarada bilərlər: “Əlbəttə, onlar Belarusa istirahət üçün getməyiblər”.
M.Kaminski onu da deyib ki, Polşa xüsusi xidmət orqanlarında “Vaqner”in rəhbəri Yevgeni Priqojinin Belarusda olmasına dair hansısa məlumat yoxdur.
Daha əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko Priqojinin Belarusda olmadığını bildirmişdi. Elə həmin gün Kreml sözçüsü Dmitri Peskov söyləmişdi ki, Kremlin Piqojini izləməyə nə imkanı, nə də vaxtı var.
Priqojinin taleyi və “Vaqner”çilərin hazırda harada olduğu hələ ki, məlum deyil. Amma bu, dəqiqdir: Priqojin “Vaqner”in iyulun 1-də ləğv olunacağını demişdi. Lakin bu, olmayıb. Əks halda açıqlanardı...
Hərçənd hətta “Vaqner” ləğv olunsa da, bu, “suların durulması” kimi başa düşülməməlidir.
Düşünürəm ki, “Vaqner” hazırda Kreml üçün “kozır”dır. Ola bilsin, Rusiya Prezidenti Vladimir Putin hələ “Vaqner”lə bağlı qərar verməyib. İstisna deyil ki, Putin vəziyyəti öz xeyrinə dəyişməyə və hazırkı situasiyadan mümkün qədər divident götürməyə çalışır.
Polşalı nazirin iddia etdiyi kimi, sərhəddə təxribatların törədilməsi istisna deyil. Amma bunun hazırkı situasiyada Rusiyaya sərf edəcəyini düşünmürəm. Rusiya “ağrımayan başına duz sarıyaraq” digər Avropa ölkələri ilə toqquşmaya getmək istəməz. Hərçənd Qərb dövlətləri ilə bu məsələdə maraqlı ola bilər.
Polşa ilə sərhədə gərginlik olarsa, bu zaman Rusiyadan əvvəl Qərbdən şübhələnmək lazımdır.
Əlbəttə, “Vaqner”çilərin Belarusa yerləşməsi təsadüfi deyil. Bu, məqsədli şəkildə verilmiş qərardır. Məqsədin nə olduğunu isə proseslərin inkişafı göstərəcək.
Ehtimal etmək olar ki, "Vaqner" əfsanəsi hələ bitməyib. Əksinə, hər şey bundan sonra başkaya bilər...
Siyasi şərhçi Kənan Novruzov,
Xüsusi olaraq Sitat.info üçün