"NATO-nun iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammiti öncəsi Türkiyə prezidenti Ərdoğan bu hərbi blokun gündəliyindəki iki vacib məsələ ilə bağlı növbəti usta və çox önəmli gedişlərindən birini etdi: o, Ukrayna prezidenti Zelenski ilə sammit öncəsi görüşündə “Ukrayna NATO üzvü olmağı haqq edir” bəyanatını səsləndirməklə, daha sonra da “Azov taborları”nın komandirlərini Ukraynaya təhvil verməklə Ukrayna, İsveçin bu sammitdə NATO üzvlüyünü əngəlləyəcək açıqlamalarıylasa Rusiya ilə münasibətlərdə ənənəvi balansı qoruyub saxlamağa çalışır".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şükürlü deyib. O bildirib ki, Rusiya ilə Ukrayna arasında sülh iki halda mümkündür: "
"Ərdoğan yaxşı bilir ki, müharibə bitmədən, ərazisindəki münaqişəli durum qaldıqca, Ukraynanı NATO-ya üzv etməyəcəklər. Ukrayna yalnız o halda tezliklə NATO-ya üzv olar ki, ya qısa zaman içərisində Rusiya qoşunlarını məğlub edərək, tamamilə öz ərazisindən vurub çıxarsın, 1991-ci il sərhədlərini bərpa etsin, ya da Henri Kissincerin ötən il səsləndirdiyi təkliflə razılaşsın - ərazilərinin bir hissəsinin itirilməsiylə barışsın".
E.Şükürlü hesab edir ki, bunu Zelenski də yaxşı anlayır və o, “müharibə bitdikdən dərhal sonra” Ukraynanın NATO və Avropa İttifaqı üzvlüyünə qəbul edilməsini indidən zəmanət altına almağa çalışır: "Çünki bu müharibənin haçan və necə bitəcəyi indi heç Zelenskiyə də məlum deyil və o, hazırda Ukraynaya ciddi hərbi-siyasi dəstək verən, onu həlledici əks-hücuma təhrik edən Qərbin sonadək onun arxasında duracağına, Ukraynanın maraqlarına zidd şərtlər altında Rusiya ilə sövdələşmə masası arxasına keçməyəcəyinə əmin deyil.
Belə bir kritik ərəfədə həm Rusiya, həm də Ukrayna ilə münasibətlərdə ortaya qoyduğu müstəqil iradə və balanslı mövqe isə Türkiyə prezidenti Ərdoğanın müharibə aparan hər iki tərəf arasında uğurlu və səmimi vasitəçilik imkanlarını xeyli artırır, hətta bu işdə onu Çindən də bir addım önə keçirir".
Politoloqun fikrincə, ötən ilin martında Türkiyə uğurla Rusiya-Ukrayna danışıqlarına vasitəçilik edirdi, ancaq bu savaşın bitməsini istəməyənlər Buçadakı məlum qırğını təşkil etməklə danışıqların pozulmasına nail oldular: "Əgər Rusiya prezidenti Putinin Türkiyəyə avqust ayında planlaşdırılan səfəri baş tutacaqsa və bu müddətədək real döyüş meydanında Ukraynanın əks-hücumlarının nəticəsi də bəlli olacaqsa, böyük ehtimalla, bu görüş Rusiya-Ukrayna münasibətlərinin Türkiyənin vasitəçiliyi ilə sülh yoluyla çözülməsində yeni bir başlanğıc olacaq.
Ərdoğanın Ukrayna ilə bağlı son addımlarının Rusiya-Türkiyə münasibətlərini gərginləşdirəcəyi və Türkiyənin artıq Rusiyaya qarşı Qərbin yanında yer alacağı haqda bəzi qərbpərəst siyasətçilərin, Qərb təbliğatına trolluq edənlərin sevincək proqnozları, gözləntiləri isə növbəti dəfə suya düşəcək: "Çünki Rusiya ilə Türkiyə arasında 2016-cı ildən başlayan yaxınlaşma strateji xarakter daşıyır və bu yaxınlıq artıq hər iki dövlətin milli təhlükəsizlik məsələsidir".
Məğrur,
Sitat.info