NATO-nun Vilnüs sammitində iştirak edən ABŞ rəsmiləri Ukrayna prezidenti Vladimir Zelenskinin Tvitter səhifəsində Şimali Atlantika Alyansının Kiyevi bloka dəvət etməyi tez saymasını tənqid edən bəyanatlarından hiddətlənib.
Sitat.info xəbər verir ki, bu barədə ötən gün “The Washington Post” qəzeti yazıb.
Həmin gün Vilnüsdə NATO sammitinin birinci iş günü başa çatıb.
NATO-nun baş katibi Yens Stoltenberqin açıqladığı yekun bəyanata görə, sammit iştirakçıları Ukraynadan NATO-ya üzvlüklə bağlı fəaliyyət planını yerinə yetirməsini tələb etməmək qərarına gəliblər, həmçinin ölkəyə çoxillik hərbi yardım proqramını təsdiq ediblər.
NATO ölkələri Kiyevi alyansa “bütün şərtlər yerinə yetirildikdə” dəvət edəcəklərinə söz veriblər, ancaq münaqişə bitdikdən sonra. Zelenski NATO-nun Vilnüs sammitində Kiyevin alyansa dəvət edilməsinin vaxtı ilə bağlı konkret qərarlar qəbul etmək niyyətində olmamasından narazılığını bildirib. O, “Ukraynanın hörmətə layiq olduğunu” deyib və “tərəfdaşların qeyri-müəyyənliyini” zəiflik adlandırıb.
Nəşr rəsmi şəxsə istinadən yazıb ki, “ABŞ nümayəndə heyətinin üzvləri Zelenskinin tvitindən qəzəbləniblər”.
Məqalədə həmçinin vurğulanır ki, Ukrayna liderinin Twitter-dəki bəyanatları “Kiyev üçün qələbə qazandıqlarını hiss edən alyansdakı Ukrayna tərəfdarlarını məyus edib”.
Bir neçə NATO ölkəsinin diplomatları qəzetə bildiriblər ki, Zelenski, “tvitdən danışıqlar vasitəsi kimi istifadə edir”. Nəşrin NATO-dakı mənbələrinə görə, Ukrayna prezidenti alyansa “mümkün olan maksimum təzyiqi göstərməyə çalışıb”.
Ayna,
Sitat.info