Qərb və Rusiya Ermənistanın "himanitar yardım" məsələsində necə birləşə bildi? - Natiq Cəfərlinin ŞƏRHİ

12:41 28 İyul 2023

"Ermənistanın “humanitar karvan” şousuna həm Rusiyadan, həm Qərbin bəzi dairələrindən eyni münasibət, ermənilərə dəstək mesajları gəlir – yaxşı, Rusiya-Qərb münasibətləri tarixdə ən pis səviyyədə olduğu halda nədən bu məsələdə “yekdillik” nümayiş etdirirlər?! Əslində yekdillik deyil, maraqlardır – Qərb Rusiyanı Cənubi Qafqazdan uzaqlaşdırmaq, Rusiya isə bütün fürsətlərdən istifadə edərək bölgədə qalmaq, buranın yeganə moteratoru, hakimi-mütləqi olmaq istəyir".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

O bildirib ki,  Qərbin bəzi dairələrinin reaksiyası beynəlxalq hüququ çeynəyir, həm də öz mövqelərini eyni vəziyyətə müxtəlif reaksiya verərək zəiflədir: " Məsələn, sabah Rusiya Moldovada qondarma “Dnestryanı Respublikaya” humanitar yardım aparmaq, orada yaşayan etnik rusların “blokadada” olduğunu deyib bu addımı atmaq istəsə Qərb nə reaksiya verər?! Təbii ki, bunu Rusiyanın təxribatı, vəziyyəti gərginləşdirmək cəhdi sayıb Moldovanın müstəqilliyini, ərazi bütövlüyünü təhdid edən hərəkət kimi qiymətləndirər – yaxşı, bəs indi nədən başqa mövqe tutmağa çalışırlar?!

Məncə, səbəb aydındır: Qərb Ermənistan cəmiyyətini Rusiyadan tam qoparmaq üçün bu “şouda” yer alır – yəni, deyir ki, görürsüz, 150-200 ildir Kremlin quyruğuna bağlanıb sürünürsüz, indi Moskva sizi qoruya, Xankəndindəki ermənilərin humanitar problemlərini həll edə bilmir, nədən hələ də Rusiyameyilli siyasi partiyaları, qrupları az da olsa dəstəkləyirsiz?! Qərb yaxşı bilir ki, Azərbaycandan fərqli olaraq Rusiyameyilli qüvvələr cəmiyyətdə, siyasi partiyalarda hələ də var, onların “revanşist” geri dönüşü hələ də mümkündür, ona görə də bu addımı ilə Rusiyanı Ermənistanda tam gözdən salmağa, Kremlin problemləri həll edə bilmədiyi görüntüsünü yaymağa çalışır".

N.Cəfərli əlavə edib ki, Azərbaycanda siyasi partiyalar, sivil toplum içində açıq rusiyameyilli qüvvələr yoxdur, bizdə həmişə belə qüvvələr xalqın deyil də, hakimiyyətin içində olub, əsl “5-ci kolon” rolunu oynayıblar: "Amma insafən, son 4-5 ildə hakimiyyətdə onların təmizlənməsi işi tam bitməsə də, sürətlənib. Deməli Qərbin bizim cəmiyyətlə, hakimiyyətlə ciddi problemi yoxdur, amma Ermənistanı Rusiyanın caynağından qoparmaq kimi böyük planları var.

Son günlər Ermənistanın “humanitar şousuna” Qərbin bəzi dairələrinin absurd, hüquqdan kənar, məntiqsiz bəyanatlarına məhz bu yöndən baxmaq lazımdır.

Bizim qlobal olaraq bu məsələdə ən zəif yerimiz daxili sistemimizdir – indiki durumda ölkədə yeni həbs dalğaları yaratmaq, Qubad İbadoğlu kimi tanınmış sivil toplum nümayəndəsini həbs etmək mövqelərimizi zəiflədən amilə çevirir. Azərbaycan rəsmilərinin, “erməni əhalisi hamı kimi eyni hüquqlara malik olacaq”, cümləsi vəziyyəti qurtarmır, həbslər, sərtləşmələr fonunda, əksinə, pisləşdirir. Cümlə, “ölkədə hamının, o cümlədən erməni əhalisinin haqq və azadlıqlarının, hüquqlarının qorunması üçün yeni idarəetmə, sistem islahatlarına ehtiyac var, bu addımı atacağıq, demokratikləşmə yolunda bu illər ərzində ölkəmizə həm daxildən, həm xaricdən olan haqlı idarları, sualları cavablandırmaq üçün hüququn aliliyi, demokratik prinsipləri bərqərar edəcəyik”. Yəni, etiraf və real addımlar – yol xəritəmizin konturları belə olmalıdır. Gecikmək olmaz, gecikdikcə haqlı olduğumuz yerdə haqsız duruma düşəcəyik".

Nərgiz,

Sitat.info



Xəbər xətti