Ermənilərə göndərilən yardım Bakıdan keçməklə getməlidir - Qabil Hüseynli

15:35 1 Avqust 2023

"Ermənilər o TIRları geri qaytarmalıdırlar. Onlar başqa səmtdən Bakıya göndərilməlidir. Bakıdan  Bakı-Bərdə dəmiryolu vasitəsilə Bərdəyə çatdırılmalıdır. Bərdədə isə yük maşınlarına yüklənərək Ağdama, oradan da Ağdam-Xankəndi yolu ilə Ağdərəyə çatırılmalıdır. Burada prinsipial məsələ ondan ibarətdir ki, belə olduqda Azərbaycanın bir dövlət kimi suverenliyinə hörmət olunur".

Bu sözləri Sitat.info-ya politoloq Qabil Hüseynli deyib. 

O bildirib ki, ermənilər bu yolu karvansaraya çevirmişdilər, silah daşıyırlar, separatçıları daşıyırlar: "Artıq bu yerlərin sahibi gəlib, onlarla hesablaşmalısınız. Biz ermənilərə öyrədəcəyik ki, suverenlik nədir, suveren torpaqlar üzərində hakimiyyət nədir, beynəlxalq hüquq nədir və necə tətbiq edilir. Bunları ermənilər öyrənməyə başlamalıdırlar. Ermənilər Laçın postundan keçərək Ermənistana gedib-gələ bilərlər. Ancaq 19 ədəd yük maşınını sərhəd buraxılış məntəqəsindən keçirmək istəyirlərsə, bu heç bir hüquq normasında yazılmayıb. Kim təminat verir ki, həmin maşınların içində silah-sursart yoxdur".

Politoloq hesab edir ki, ermənilər yola nəzarəti qanunauyğun şəkildə həyata keçirir: "Nikol Paşinyanın "Qarabağ Azərbaycandır" deməsindən sonra  Qarabağın ermənilər yaşayan əraziləri üzərində suverenlik tamamilə Azərbaycana məxsusdur. Laçın Sərhəd buraxılış məntəqəsinin legitimliyini heç kim şübhə altına ala bilməz. Bu məntəqə qaydalara uyğun işləyir". 

Nərgiz,

Sitat.info

 



Xəbər xətti