Politoloq: "Türkiyə yeganə NATO üzvüdür ki, Rusiyanın tam təcridinə imkan vermir"

17:52 2 Avqust 2023

"Putinin avqustda Türkiyəyə səfəri öncədən planlaşdırılmış bir məsələ idi. Daha əvvəldən həm Türkiyə, həm Rusiya diplomatik mənbələrində Putinin Türkiyə səfəri artıq bəlli idi". 

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, Türkiyə beynəlxalq hüququn və ədalətin yanında yer alaraq Ankarada qalan Azov batalyonunun komandirlərini Ukraynaya təhvil verdi ki, bu da Kremlə yaxın dairələrdə ciddi qıcığa səbəb oldu. Bunu Türkiyə əleyhinə kompaniyaya çevirdilər: "Türkiyə hər zaman hüququn, ədalətin yanında yer alıb. O bununla üzərinə düşəni etdi və düşünürəm ki, güclü bir oyunçu olduğunu sübut etmiş oldu".

Politoloq Türkiyə-Rusiya münasibətlərinin bu gün tarixinin ən yaxşı dövrünü yaşadığını deyib: "Həm Türkiyənin, həm Rusiyanın iqdisadi-siyasi partnyorluğundan əldə etdiyi dividentlər var. İstər Türkiyə ilə Rusiyanın ortaq həyata keçirdiyi "Akkuyu" layhəsinin həm Türkiyə həm Rusiya üçün böyük əhəmiyyəti, istərsə də Rusiya-Türkiyə əlaqələrinin potensialı çox genişdir. Türkiyə yeganə NATO üzvüdür ki, bu gün Rusiyanın tamamilə dışlanmağına şərait yaratmır. Türkiyə Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir, Ukraynaya öz dəstəyini göstərir. Eyni formada Rusiya ilə də körpüləri yandırmır. Ona görə də səfərin gündəliyində Rusiya-Türkiyə münasibətlərinin bundan sonrakı inkişaf perspektivləri ilə bağlı hesab edirəm ki, vacib razılaşmalar əldə ediləcək. Eyni zamanda təkcə iki ölkə arasında əlaqələrlə bağlı deyil, Rusiya-Ukrayna münasibətləri ilə bağlı da Ankaradan müəyyən xahişlər ediləcək. Putinin Ərdoğandan əsas istəklərindən biri Ərdoğanın və Türkiyənin Rusiya-Ukrayna danışıqlarında moderatorluğu məsələsi yenidən gündəmə gəlməsi ola bilər. Heç şübhəsiz Xankəndi məsələsi Qarabağ mövzusu burada müzakirə mövzusu olacaq və Türkiyə Azərbaycanın haqlı tələbini bir daha Rusiyanın nəzərinə çatdıracaq. Hesab edirəm ki, Rus sülhməramlılarının Azərbaycanı qane etməyən fəaliyyət normaları Türkiyə rəhbəri tərəfindən Vladimir Putinin diqqətinə çatdırılacaq".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti