Deputat: "Sanksiyaların Rusiya iqtisadiyyatına real təsirləri hiss edilməkdədir"

17:36 4 Avqust 2023

"Bu həftə ərzində rubl dollara nisbətən 7.0 faizə yaxın dəyər itirb. Artıq 1 dollar almaq üçün 95 rubl ödəmək lazımdır. Rusiya Mərkəzi Bankının cəhdlərinə rəğmən rublu qorumaq çətinləşir. 2023-cü ildə Rusiya pulu 30.0 faiz ucuzlaşıb. Son 1 ildə isə rubl 34.0 faiz dəyərsizləşib. Sanksiyaların Rusiya iqtisadiyyatına real təsirləri hiss edilməkdədir".

Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Rusiyanın enerji gəlirlərində də kəskin azalmalar qeydə alınmaqdadır: "Beynəlxalq Enerji Akademiyasının məlumatına görə, bu ilin birinci yarısında Rusiyanın neft ixracatı 120.4 milyard dollardan 77.4 milyard dollaradək azalıb. Bu o deməkdir ki, Rusiyanın neft gəlirlərində 65.0 faiz azalma var. Ümumi ixracatdakı azalmalar rubla təzyiqi daha da artırıb.

Deputat dollara uduzan rublun manata nisbətən də dəyər itirdiyini deyib: "2023-cü ilə Azərbaycan milli valyutasına nisbətən 2,4 qəpik məzənnə ilə başlayan rublu almaq üçün indi 1,8 qəpik ödəmək lazımdır. Rusiya Azərbaycanın qeyri-neft ixracatında ən böyük ticarət tərəfdaşıdır və bu baxımdan rublun zəifləməsi manatın nominal effektiv məzənnəsini daha da möhkəmləndirir. Bu isə o deməkdir ki, Azərbaycan qeyri-neft ixracat bazarlarının mümkün qədər daha tez diversifikasiyasına çalışmalıdır".

V. Bayramov qeyd edib ki, bütövlükdə, Rusiyanın valyuta gəlirlərinin azalması fonunda şimal qonşumuzun iqtisadiyyatındakı çağrışların dərinləşəcəyi gözləniləndir: "Rusiyada fəaliyyətini davam etdirən Azərbaycanlı iş adamlarının da həm yığımlarını, həm də sərmayə qoyluşlarını şaxələndirmələri çox vacibdir".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti