Xəbər verdiyimiz kimi, Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı müharibəyə cəlb etməyə hazırlaşdığını bildirib.
Bununla bağlı Sitat.info-ya açıqlamasında siyasi şərhçi Kənan Novruzov Belarusun müharibəyə qoşularsa ən çox zərər çəkən tərəf olacağını deyib.
Onun sözlərinə görə, "Vaqner"lə bağlı müəmmalar kifayət qədərdir: "Vaqnerin əslində kimə və hansı qüvvəyə xidmət etdiyini biz bilmirik. İstisna deyil ki, Qərb, xüsusilə ABŞ Vaqneri ələ alıb. Vaqnerin hələ də Rusiyaya diqtəsini yerinə yetirməsi də mümkündür. Bunu istisna etmək olmaz".
K. Novruzov deyib ki, bu günlərdə Polşa, Litviya, Litva dövlət başçıları Vaqnerin həmin ölkələrlə sərhəddə təxribata hazırlaşdıqlarını bəyan edirlər: "Əlbəttə, belə bir ehtimal NATO və Rusiya müharibəsinə gətirib çıxaracaq. Vaqner Belarusiyada təxribata hazırlaşdığına dair yaxın günlərdə məlumat yayıldı. Ehtimal var ki, Putinin Vaqneri Belarusiyaya yerləşdirməsində məqsəd əslində Belarusiyaya nəzarət etməkdir. Əgər gələcəkdə Belarusiya Putinin bir tapşırığını yerinə yetirməzsə bu zaman Putin Lukaşenkoya qarşı Vaqnerdən bir təhdid obyekti kimi istifadə edə bilər. Bu nöqteyi nəzərdən mümkündür ki, Putin Vaqnerin əliylə Belarusiyanı müharibəyə çəkmək istəsin. Hərçənd ki, bu qəbildən açıqlamalar manipulyasiyaya yönəlir, ictimai rəyi formalaşdırır və istisna deyil ki, Ukrayna tərəfi ictimai rəylə oynamağa çalışır".
Siyasi şərhçi qeyd edib ki, Ukrayna tərəfinin dediyi kimi olarsa, Belarus birbaşa müharibəyə qoşularsa təbii ki, bu ən çox Belarusa ziyan olacaq: "Çünki o Rusiya kimi birbaşa Qərblə mübarizə aparmalı olacaq və müqaviməti daha tez qırılacaq. Belarusun müharibəyə birbaşa qoşulması isə onun öz istəyi ilə yox, Rusiyanın oyunları ilə mümkün olacaq. İndiki məqamda nəzərə alsaq ki, Rusiyanın imkanları getdikcə tükənir, buna görə də Rusiya maraqlıdır ki, müharibəyə əlavə qüvvə cəlb etsin. Ümumiyyətlə hansı versiyanın baş verməsindən asılı olmayaraq müharibənin miqyası genişlənəcək, üfüqdə sülh görünmür və təəssüf ki, nüvə silahının tətbiqi ehtimalı getdikcə artmaqdadır".
Şəms Hüseynli
Sitat.info