Microsoft yenidən Azərbaycana qayıdır

12:39 7 Avqust 2023

"SOCAR və Microsoft arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandum rəqəmsallaşma, innovasiya, İT, kibertəhlükəsizlik və s. sahələrdə əməkdaşlığı nəzərdə tutur.

Düşünürəm ki, Azərbaycanın İT və innovasiya mühiti üçün çox ciddi və əhəmiyyətli bir addımdır".

Bu sözləri Sitat.info-ya açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. 

O bildirib ki, ötən il Microsoft-un Azərbaycan ofisi fəlaliyyətini dayandırıb və bütün əməkdaşları işdən azad etmişdi:

"Microsoft Azərbaycan" bağlanandan sonra bu qurumun regional ofisləri ETN və AzİnTelecom-la iş birliklərinin qurulması istiqamətində müəyyən addımlar atılmışdı.

Amma SOCAR-la imzalanan memorandum bu qlobal şirkətin ölkəmizdəki ofisi bağlanandan sonra ilk ciddi anlaşmadır.
Ümid edirəm davamlı olacaq və ölkədə rəqəmsal transformasiya proseslərinə, innovasiyaların inkişafına, kibertəhlükəsizliyin təmin edilməsinə, kadrların hazırlanmasına böyük töhfələr verəcək".

O. Gündüz ümid etdiyini bildirir ki, bu memorandum sadəcə Microsoft həllərinin və lisenziyalarının alınmasını nəzərdə tutmayıb, daha böyük hədəflər müəyyən edib:

"Xatırladıram ki, Ermənistanda 2011-ci ildən Microsoft, USAİD və Ermənistan hökumətinin təşəbbüsü ilə Microsoft İnnovasiya Mərkəzi fəaliyyət göstərir.

Yeri gəlmişkən, bir müddət öncə  SOCAR ilə “Cisco Systems Inc” arasında da rəqəmsal transformasiya sahəsində   anlaşma memorandumu imzalanmışdı.

SOCAR rəhbərliyinin Microsoft-un yenidən Azərbaycana dəvət edilməsi və fəaliyyətinin təşkili,  ciddi işbirliyinin yaradılması istiqamətindəki səyləri təqdirəlayiqdir".

Nərgiz, 

Sitat.info 



Xəbər xətti