Donuz və insan tükündən hansı çörəklərdə istifadə olunur: Eyyub Hüseynov danışdı

16:11 7 Avqust 2023

Bir neçə gündür sosial şəbəkələrdə və mətbuatda çörəyin tərkibinə insan və donuz tükünün üyüdülərək qatılması məsələsi müzakirə olunur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun səsləndirdiyi bu fikirlər cəmiyyətdə ajiotaja səbəb olub. 

Bəs görəsən Eyyub Hüseynov hansı çörəkləri nəzərdə tutub? 

Sitat.info bu mövzuda Eyyub Hüseynova müraciət edib. O bildirib ki, satılan bütün çörəklər şübhə altında deyil: "Zavod çörəyi və bir çox çörəklərdə bundan istifadə olunmur, bizim ehtimalımıza görə. Biz ona əsaslanırıq ki, ölkədə buna icazə var. İ920 və İ921ə icazə var. İcazə sənədini də mətbuata təqdim etmişəm. İcazə varsa deməli istifadə olunur".

E. Hüseynov qeyd etdi ki əsas problem ölkəmizdə buna icazə verilməsidi: "Ədəbiyyatda da qeyd olunur ki, bunlar fast-food yeməklərdə istifadə olunan çörəklərə qatılır. Onların yumşaqlığını, elastikliyini təmin edir. Beynəlxalq ticarət şəbəkələrində, fast-food dönərxanalarında istifadə olunan çörəklərə qatıla bilər. Burgerlərdə istifadə oluna bilər. Əsasən də xaricdən gətirilən çörəklərdə ehtimal var ki, olur. İstisna deyil ki, yerli istehsal olan burger çörəklərində də, uşaq menyularına qoyulan elastik çörəklərdə də bunlar istifadə olunur. Əsas məsələ odur ki, bunun istifadəsinə ölkəmizdə icazə var. İndi gömrük orqanları, səhiyyə nazirliyi, AQTA deməlidir ki, ölkəyə bu çörəklərdən nə qədər gətirilir, hara verilir, harada istifadə olunur. Bunlar artıq bizim işimiz deyil. Biz məsələni qaldırırıq, qalan məsələləri dövlət araşdırmalıdır. İcazə olması o deməkdir ki, istifadə olunur. Halbuki əksər dövlətlər buna qadağa qoyub. Azad İstehlakçılar Birliyi olaraq, biz bununla razı deyilik və səsimizi qaldırırıq ki, hökumət üzünü istehlakçılara tərəf çevirsin. İstehsalçılar istədiyini edir və biz istehlakçıların ömrü də getdikcə qısalır. Əhalinin uzunömürlülüyünə görə 198 ölkə arasında 115-ci yerdəyik, yəni çox geridəyik". 

Məğrur, 

Sitat.info 



Xəbər xətti