Hərbi ekspert: "Bu olarsa bölgədə sülh mümkün olacaq"

20:41 7 Avqust 2023

"Ermənistan siyasi iradəsi ilə dəfələrlə görüşlər keçirdi və hər dəfəsində müxtəlif təminatlar vermək istiqamətin sanki irəliləyiş olması görünsə də, anlaşılan odur ki, revanşizm hələ də davam etməkdədir və xüsusən də qondarma rejimin idarə olunması baxımından burdan bir məna çıxır, o da kontrol Rusiyada olmağıdır".

Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Alparslan İmamqulu deyib.

Onun sözlərinə görə, Rusiya Cənubi Qafqazdan çəkilmək istəmir və bu məqsədlə münaqişənin çürüməsi üçün əlindən gələni edir: "Bizə qalan bir tək yol var o da ən qısa müddətdə iri miqyaslı antiterror əməliyyatları keçirilməsi, ərazimizdəki terrorist qruplarının təmizlənməsi və bundan sonra Azərbaycan vətəndaşı olmaq istəyənlərin vətəndaşlıgının qəbul edilməsi, istəməyənlərin isə ərazimizi tərk etməsi şərtlərini qoymaqdır. Əks halda bu münaqişə davam edəcək. Nə qədər ki, bölgədə Rusiyanın maraqları var və bununla yanaşı, Qərb də müxtəlif zamanlar da müxtəlif məqsədlərlə bu məsələlərə qarışacaq".

Hərbi ekspert qeyd edib ki, biz bu gün torpaqlarımızı azad etmişik və qalib tərəfik: "Bundan sonra atılacaq addım da ərazilərimizi tam olaraq təmizləmək və qarşı tərəfi fakt qarşısına qoyaraq buna məcbur etməkdir. Bu olarsa, bölgədə sülh mümkün olacaq və bunun da davamında biz Rusiyanın ərazilərimizdən, o cümlədən, Cənubi Qafqazdan çəkilməsinə nail olacağıq".

Şəms Hüseynli

Sitat.info



Xəbər xətti