"Münasibətlərinin uzun müddət gərgin olduğu Səudiyyə Ərəbistanı İrandakı səfirliyinin fəaliyyətini bərpa edib. Tehran Azərbaycanın da İrandakı səfirliyinin fəaliyyətinin bərpasını istəyir və bu məqsədlə Bakıya göndərdiyi heyətlərin sayını artırıb".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, İranın Baş prokurorunun təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Mehdi Əmiri İsfahani böyük heyətlə Azərbaycana səfər edib: "Bakıdakı görüşdə bu ilin yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə əlaqədar müzakirə aparılıb".
Politoloq açıqlamasında Rəsmi Bakının da Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətə başlamasını istədiyini deyib: "Ancaq bunun üçün Azərbaycan səfirliyinə edilən hücumun araşdırılması başa çatmalı, cinayəti həyata keçirən və planlaşdıranlar cəzalarını almalıdırlar. Bunların heç biri baş verməyib. Tehran Azərbaycan səfirliyinin qısa müddətdə açılmasını istəyirsə, cinayətlə bağlı araşdırmanı yekunlaşdırmalı və məhkəmə prosesi keçirməlidir. Bu proses ləngiyir. Əgər səfirliyə hücum bir nəfərin cinayəti ilə əlaqəli olsaydı, məsələ tez həll olunar və Tehran məhkəmə işini ləngitməzdi. Görünür, məsələ ona görə ləngiyir ki, cinayətin arxasında başqa qüvvələr var və həmin qüvvələr cinayətin ədalətli şəkildə araşdırılmasının əleyhinədirlər. Onlar bu hərəkətləri ilə İran-Azərbaycan münasibətlərini gərginlikdə saxlayırlar".
Məğrur,
Sitat.info