Xaricə köçürülən vəsaitlərə limit qoyulur: Vətəndaşlara hansı çətinliklər yaranacaq?

16:54 10 Avqust 2023

"Yeni qaydalar qüvvəyə mindi. Azərbaycan bankından alınmış kart sahibi xaricdə olan zaman ay ərzində 10 min dollardan artıq məbləği nağdılaşdırdıra bilməz. Bu ölkə hüdudlardan kənarda kartlardan vəsaitin nağdılaşdırması ilə bağlı aylıq limitlərin tətbiqi anlamına gəlir.

Digər dəyişikliyə əsasən, fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilərək aylıq həddlər ilə əvəzlənib. Bu hallarda 20 min dollaradək ödəniş həyata keçirmək mümkün olacaq".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

O bildirib ki, yeni qaydalar, güya, "çirkli pullar", korrupsiya ilə mübarizəyə görə edilir: "Amma, məmurlar, onlara bağlı iş adamları istənilən həcmdə vəsaiti ölkədən çıxatmağın yollarını yaxşı bilirlər, bu addımlar onlara təsir etməyəcək. Adi vətəndaşlar üçün isə problemlər yarana bilər - məsələn, kimsə özünə 21 min dollar və daha baha maşın almaq, dəyərini ödəmək üçün nə etsin?! Və ya, kimsə Bakıda evini satır, Türkiyədən ev almaq istəyir, dövlət nə haqqla ona deyir ki, yox, sən ayda 20 min dollardan artıq pul köçürə bilməzsən - axı pul vətəndaşındır, özəl mülkiyyətini satıb özünə ev-obyekt almaq istəyir, o zaman dövlət niyə buna mane olur ki?!".

N.Cəfərli hesab edir ki, bütün bu mənasız məhdudiyyətlər ləğv edilməlidir: "Yeganə meyar illik gəlir deklorasiyası olmalıdır, leqal pulun varsa nə qədər istəsən, hara istəsən köçürə bilərsən. Amma bunu etmirlər, edə bilmirlər, o zaman  nazirlər, məmurlarlar, rəislər, icrabaşlar, minlərlə dövlət-hökumət işçiləri öz gəlirlərinə uyğun olmayan həyat tərzlərini necə izah edəcəklər?! Ona görə də gəlir deklorasiyası haqqında qaydaları 25 ildir ki, təsdiq etmirlər, əvəzinə əcaib məhdudiyyətlər tədbiq edirlər, bu qadağalar isə, tam tərsi, qeyri-leqal, "qara" pul köçürmələrinin həcmini artıran, korrupsiyanı təşviq edən amilə çevrilir - bundan başqa vətəndaşın Konstitusiya ilə təsbit olunan özəl mülkiyyət və ona sərəncam vermə hüququnu pozur...". 

Nərgiz,

Sitat.info

 



Xəbər xətti