Qeyri-neft ixracımız 20 faiz artıb: Əsas alıcılarımız bu ölkələrdir... Vüqar Bayramov

10:59 11 Avqust 2023

"Azərbaycanın qeyri-neft ixracatında qardaş Türkiyə ilə Rusiyanın payı arasındakı fərq azalmaqdadır. Belə ki, bu ilin birinci yarısında ümumi qeyri-neft ixracatının 31.1 faizi Rusiyanın payına düşdüyü halda Türkiyə 28.9 faizə sahib olub. Göründüyü kimi, sözügedən ölkələrin qeyri-neft ixracatında payı arasındakı fərq cüzidir. Bu həmçinin o deməkdir ümumi artım tendensiyasında kordinal dəyişikliklər olmayacağı halda 2023-cü ildə Türkiyə Azərbaycanın əsas qeyri-neft ixrac tərəfdaşına çevrilə bilər. Bu tərəfdaşlıqda ilk beşliyi Gürcüstan (10,2 faiz), İsveçrə (3,9 faiz) və Qazaxıstan (3,3 faiz) qapayırlar".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert, deputat Vüqar Bayramov deyib. 

O bildirib ki, bütövlükdə, həmin müddətdə qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,6 faiz artaraq 1 milyard 773 milyon dollara çatıb: "Qeyd edək ki, son 3 ildə qeyri-neft ixracatında illik artım tendensiyası qorunub saxlanılıb. Bu il neftdən kənar ixracatın 3.5 milyard dollara yaxınlaşacağı gözlənilir".

Deputat əlavə edib ki, bu müddətdə ümumi ixracatın həcmi 14 milyard 755 milyon dollar olub: "Göründüyü kimi, qeyri-neft ixracatın həcminin artmasına baxmayaraq ümumi ixracatda payı hələ də yüksək deyil. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı islahatların daha da dərinləşdirilməsi prioritetliyini qoruyub saxlamaqdadır".

Nərgiz,

Sitat.info



Xəbər xətti