"Ermənistanın sərhəddə silah toplaması görüntü xarakterli addım olsaydı, biz bunu öncəki illərin təcrübəsindən fərqli dəyərləndirərdik. Düşünmürəm ki, görüntü xatirinə olan hərəkətlər Azərbaycanda XİN səviyyəsində reaksiyaya səbəb olsun. Günlərdir ki, cəbhədə gərginlik var. Bu gərginlik Ermənistan tərəfindən "humanitar yük" adı ilə Laçın sərhəd keçid məntəqəsinə yaxın ərazilərdə 22 ədəd guya ərzaq məhsulları daşıyan TIR-ların gəlməsi ilə daha da artdı".
Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O bildirib ki, həmin TIR-lar əraziyə gətirilənə qədər biz daha çox Azərbaycan-Ermənistan arasındakı danışıqlarda irəliləyişlərdən bəhs edirdik: "Hər görüşdə də müxtəlif bəyanatlar eşidirdik. Əvvəlcə Qərbdə, ABŞ-da, ardınca Rusiyada görüşlər baş tutdu. Azərbaycan və Ermənistan ilk dəfə rusların iştirakı olmadan Qazax rayonu ərazisində sərhəd delimitasiyası üzrə komissiyanın ilk iclasını keçirdilər. Rusiya faktoru artıq aradan qalxırdı. Razılaşdırılan bir çox məsələlər var idi. O cümlədən Qarabağ ermənilərinin Yexlaxda Azərbaycan tərəfi ilə görüş keçirməsi, Ağdam-Xankəndi yolunun açılması və bunun müqabilində Azərbaycan tərəfi Laçın sərhəd keçid məntəqəsində proseslərin intensivləşməsini üzərinə götürürdü. Azərbaycan bütün hallarda inteqrasiyasının sürətlənməsini, Qarabağın erməni əhalisinin təminatının Azərbaycan istiqamətindən həyata keçirilməsini və Laçındakı buraxılış məntəqəsinin fəaliyyətinin gücləndirilməsinə çalışırdı".
Ə.Verdiyev hesab edir ki, Rusiya bir müdaxilə ilə bütün görülən işləri sıfırladı: "Ancaq kim müdaxilə etdisə, bütün proseslər yarıda qaldı. İstisna etmirik ki, burada Rusiyanın barmağı daha çoxdur. Hər bir halda belə bir addımla bütün proseslər son anda sıfırlandı. Qarabağın erməni icması Yevlaxa gəlməkdən imtina etdi, ardınca Ağdam-Xankəndi yolunun açılması prosesi aradan qalxdı, humanitar yük məsələsi də həll edilməmiş qaldı.
Nə qədər ki, ruslar Qarabağdadır, onlar erməni əhali ilə birbaşa kontakta imkan verməyəcəklər, inteqrasiyanın qarşısını alacaqlar. Çünki bu Rusiyanın maraqlarına ziddir. İntqrasiya baş tutarsa, Rusiyanın buradakı missiyasına ehtiyac qalmayacaq".
Nərgiz,
Sitat.info