"Tör-töküntü dediklərimiz zirehli texnikası, artilleriya qurğuları olan mütəşəkkil ordudur" - Qabil Hüseynli

16:25 15 Avqust 2023

"Vəziyyət gərgindir və gün keçdikcə daha da gərginləşir. İstər Ermənistan, istərsə də Qarabağın dağlıq hissəsindəki ermənilər vəziyyəti dramatikləşdirmək, qarşıdurma yaratmaq və bunun əsasında dünya ictimaiyyətini Azərbaycanın "təcüvüzkar" niyyəti ilə bağlı məlumatlandırmaqdır. Erməni xisləti yenə də işləyir, yenə də öz xasiyyətinə uyğun uydurmalar, yalanlar, dezinformasiyalar yaymağa, provakasiyalar etməyə  çalışırlar. İstəyirlər ki, nəyin hesabına  olursa olsun dünya ictimai rəyini özlərinə cəlb etsinlər". 

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. 

O bildirib ki, son günlər Ermənistan tərəfindən xeyli təhlükəli addımlar atmaqdadır: "İstər Ermənistan ərazisində texnikanın toplaşması, şəxsi heyətin həmin ərazilərdə cəmləşdirilməsi kimi müharibəyə hazırlıq vəziyyətini görməkdəyik. Ən dramatik hadisələr separatçıların yaşadıqları ərazilərdə və bu ərazilərdə yerləşən 10 mindən artıq silahlının hərəkətə keçməsi və mühəndis-istehkam qurğuları inşa etməsidir. Həm də artilleriya qurğularını düz yaşayış məntəqələrinin yaxınlığında qururlar ki, Azərbaycan tərəfi bunu hədəfə aldıqda hay-küy qopartsınlar və Azərbaycanın Qarabağda yaşayan ermənilərə qarşı soyqırıma başlaması və dinc əhalinin atəşə tutulması barədə uydurma məlumatlar yaya bilsinlər". 

Politoloqun fikrincə, işin içində İran və onun silahlı terror təşkilatları da var: "Diqqət çəkən məqamlardan biri də odur ki, (hələ tam dəqiqləşdirilməyib) artıq İranın, yəni birbaşa SEPAH-ın və "Həştü-Səbi" qruplaşmasının, eləcə də PKK-nın daxil olduğu 1500 nəfərlik qaçaq-quldur dəstəsi guya Qarabağın dağlıq hissəsinə sızdırılıblar və bunların məqsədi irimiqyaslı təxribatların həyata keçirilməsidir. 

Bu günə qədər Azərbaycanla xoş münasibətlərdə olan İran yenə də Azərbaycana qarşı təxribatlar seriyasına qoşulub və bu məsələdə də aktiv görünməyə çalışır".

Q.Hüseynli qeyd etdi ki, Qarabağdakı erməni separatçıları da ciddiyə almaqda fayda var: "Bizim üçün ən təhlükəlisi ərazilərimizdə yerləşən 10 mindən artıq silahlı ermənidir. Biz onlara tör-töküntü deyirdik, ancaq sən demə onların tankı, zirehli texnikası, artilleriya qurğuları olan mütəşəkkil ordudur. Bu ordu öz dislokasiya yerlərini dəyişərək özlərinin  ağlına uyğun şəkildə yaşayış məntəqələrinə yaxın yerlərə yerləşir və döyüşə hazır vəziyyətə gətirilirlər. Bununla da vəziyyəti gərginləşdirmək, bu gərginləşmədən istifadə edərək həm  BMT-də bu məsələdən istifadə edəcəklər, həm də dünyaya belə bir mesaj verəcəklər ki, Azərbaycan ermənilərin yaşadığı ərazilərdə genosid siyasətini həyata keçirir. Ancaq bir adamın da burnu qanamayıb, bir adamın da başına hadisə gəlməyib. Ancaq ermənilər ağızlarına gələni danışırlar, dünya da buna etiraz eləmir". 

Nərgiz,

Sitat.info



Xəbər xətti