BMT-də Azərbaycana qarşı qətnamə qəbul ediləcəkmi? Elxan Şahinoğlunun ŞƏRHİ

15:26 16 Avqust 2023

"Laçın yolunun başlanğıcına yaxın ərazidə yüklə dolu nəqliyyat vasitələrinin gözləmə mövqeyində dayanması, Qarabağda separatçıların hərbi texnikanı bir məntəqədən başqasına daşıması, səngərlərin qazılması, erməni diasporunun müxtəlif ölkələrdə başlatdıqları “etiraz aksiyaları”, ermənipərəst konqresmenlərinin təxribatçı açıqlama və müraciətləri və BMT Təhlükəsizlik Şurasında təşkil edilən müzakirələr – bütün bunlar vahid ssenarinin müxtəlif bəndləridir, sanki xarici ölkələrdən birində yerləşən böyük beyin mərkəzlərindən birinə “Azərbaycanı necə geri addım atmağa məcbur edə bilərik” mövzusunda fəaliyyət planı hazırlamaq sifarişi verilib. Bu risqli planı hazırlayanlar faktiki erməniləri Azərbaycanla növbəti qarşıdurmaya və itkilərə sürükləyirlər. Bu vəziyyətdə sülh mümkün deyil . İkinci Qarabağ müharibəsində üzləşdikləri ağır məğlubiyyət ermənilərin əskəriyyətini ağıllandırmayıb, reallığı qəbul etmək istəməyərək Azərbaycana qarşı təzyiqlə nəsə əldə edəcəklərini düşünürlər. Bu gözlənilən idi, ermənilər tarixən bu yolla gediblər".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq, Atlas Araşdırmarlar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 

Onun sözlərinə görə, dünya ictimaiyyəti Ermənistanın təxribatlarına, provakasiyalarına bizim düşündüyümüz kimi reaksiya vermir: "Ermənilər çox hiyləgər bir plan hazırlayıblar. Bu planın içində həm Xankəndidəki erməni separatçıları, həm Ermənistan hakimiyyəti, həm də erməni lobbisi var. Hətta ola bilər ki, Rusiyadakı. Avropadakı, Amerikadakı mərkəzlər də var. Bu Azərbaycana qarşı bir çoxkombinasiyalı plandır. Bir tərəfdən BMT təxribatı, digər tərəfdən sahədə təxribat yaradırlar. Dünən və bu gün erməni saytlarında Xocalıda ruslara qarşı aksiya keçirilməsi ilə bağlı məlumatlar, görüntülər yayımlandı. Bu da həmin planın tərkib hissəsidir və ermənilər Qərbə mesaj verirlər ki, onlar heç də Rusiya ilə əlbir deyillər".

 

O vurğulayıb ki, bu hərəkətlərlə ermənilər böyük riskə gediblər: "Erməni ekspertlər özləri də bu riski etiraf edir. Bu gün BMT-də müzakirələr başlayacaq  və mən burada Azərbaycana qarşı qətnamənin qəbul olunacağınə düşünmürəm. Qətnamənin qəbul olunması üçün 15 üzv səs verməlidir və 5 daimi üzv eyni istiqamətdə səs verməlidir. 

Bizim torpaqlarımızın 30 il işğal altında olduğu dövrdə bu konkret fakt idi və 5 daimi üzvdən heç biri veto hüququndan istifadə etmədi. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri Fransa, Rusiya, ABŞ, Çin və Böyük Britaniya veto hüququndan istifadə etmədi. Hamısı etiraf etdi ki, Azərbaycan torpaqları işğaldadır və azad edilməlidir. Ancaq bu kağız parçasından başqa bir şey deyildi. İndiki halda isə inanmıram ki, Ermənistan qaldırdığı məsələyə 5 daimi üzvün hamısı eyni cür yanaşsın. Ortada Rusiya-Ukrayna müharibəsi və Qərb-Rusiya qarşıdurması var. Belə olan halda Rusiya ilə ABŞ-ın eyni mövqedən çıxış etməsi və Azərbaycana qarşı qətnamə qəbul edilməsi ehtimalı yüksək deyil. Çin də həmişə neytral mövqedən çıxış edib". 

E.Şahinoğlu qeyd edib ki, Amerika Azərbaycanla münasibətlərə zərbə vurmaq istəmir: "Çünki son 1 ildə enerji və təhlükəsizlik sahəsində  tərəfdaşlığı gücləndirib. Böyük Britaniya da tərəfdaşımızdır. Hətta onlar Fransanın irəli sürdüyü bu qətnaməyə səs versələr belə, Rusiyanın ABŞ-la vahid mövqedən çıxış edəcəyini düşünmürəm". 

Nərgiz, 

Sitat.info

 



Xəbər xətti