"Rusiyanın Qarabağda apardığı oyunlar ona gətirib çıxartdı ki, Ərdoğanın rəhbərliyi altında Türkiyə liderləri də çox ciddi şəkildə Rusiyaya cavab verdilər. Azov komandirlərinin Ukraynaya təhvil verilməsi, Ukrayna ilə hərbi müqaviləsinin bağlanması, eləcə də Ukraynanın ərazi bütövlünü Türkiyənin ardıcıl şəkildə müdafiə etməsi Türkiyə ilə Rusiya arasında gərginlik yaratdı. İndi mətbuatdan oxuyuruq ki, ola bilər Putinin Türkiyə səfəri baş tutmasın".
Bu sözləri Sitat.info-ya açıqlamasında Rusiya-Türkiyə münasibətlərini dəyərləndirən ADP sədri Sərdar Cəlaloğlu deyib.
O bildirib ki, bu gərginliyin bir neçə səbəbi ola bilər: "Birincisi Putinin səhhətində çox ciddi problemlər var. Xarici mətbuatın verdiyi məlumata görə çox ağır vəziyyətdədir. İkincisi, Putin özünün təhlükəsizliyinə tam təminat görmür. Çünki beynəlxalq məhkəmənin Putinin həbsi ilə bağlı qərarı var. Ola bilər ki, beynəlxalq institutlar Putini Türkiyədə həbs eləsinlər. Çünki Türkiyə də beynəlxalq məhkəmənin qərarlarının icrası ilə bağlı həmin protokola qoşulub. Üçüncüsü isə, Rusiya ilə Türkiyə arasında çox ciddi mübahisəli məsələlər var. Bunlardan biri də 2025-ci ildə rus qoşunlarının Qarabağdan çıxarılmasıdır. Rusiya bu məsələyə çox ciddi şəkildə ağrılı reasiya verib. Rusiya yaxşı başa düşür ki, bu Türkiyənin siyasi maraqlarına da uyğundur ki, 20205-ci ildə rus qoşunları Azərbaycandan çıxsın. Rusiya oradan könüllü şəkildə çıxmazsa, bu zaman Rusiya Türkiyə ilə üz-üzə gələcək".
S.Cəlaloğlu vurğuladı ki, alternetiv variant kimi, Ərdoğanın Rusiyaya səfər edə biləcəyini irəli sürürlər: "Burada da əsas məqsəd Rusiya ilə Ukrayna arasında münaqişənin nizamlanmasıdır. Türkiyə dəfələrlə bu məsələdə vasitəçilik təklif edib. Başqa dövlətlərdən fərqli olaraq Türkiyə vasitəçilik missiyasına kölgə salacaq hərəkətlər də etməyib. Həm Rusiya, həm də Ukrayna ilə münasibətlərini qaydada saxlayıb".
Partiya sədri onu da xatırlatdı ki, son vaxtlar Rusiya ilə Türkiyə arasında bir insident də olub: "Bu da Qara dənizdə Türkiyəyə məxsus olan, ancaq başqa dövlətin bayrağı altında üzən gəmiyə rus hərbçilərinin atəşi ilə saxlanması və onun yoxlaması oldu. Türkiyə bu məsələyə çox təmkinlə cavab verdi. Hesab edirəm ki, Rusiya-=Türkiyə arasında çox ciddi gərginlik var. Ancaq bu gərginlik hər iki dövlətin ortaq maraqlarını birgə müdafiə etmə taktikasında ciddi dəyişikliyə gətirib çıxartmayacaq".
Nərgiz,
Sitat.info