Sərdar Cəlaloğlu: "Bu Azərbaycanın bir nömrəli bəlasıdır"

18:53 17 Avqust 2023

"Ümumiyyətlə Azərbaycanda konstitusiya qanunlar güc itirdiyinə görə, məmurlar açıq-aşkar konstitusiya qanunları zidd fəaliyyətləri ilə fəxr edir, özləri də bunu etiraf edirlər".

Bu sözləri Sitat.info-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.

Onun sözlərinə görə, bu kimi hallara qarşı hüquq-mühafizə orqanları dərhal tədbir görməlidir: "Parlament rəhbərliyi bu şəxsləri dərhal parlament üzvlüyündən azad etməlidir. Digər deputatların da biznes fəaliyyəti yoxlanılmalıdır. Çox təəssüf ki, Azərbaycanda dövlət nəzarəti də, ictimai nəzarət də yoxdur. Bu baxımdan nəzarətsizlik şəraitində qanun və konstitusiyanı pozurlar. Bu şəxslər həm də öz vəzifələrindən qanun və konstitusiyanın pozulmasıyla qeyri-qanuni yollarla çox ciddi gəlir əldə edirlər".

S. Cəlaloğlu qeyd edib ki, onsuz da qanunda millət vəkillərinin başqa bir fəaliyyətlə məşğul olması ona görə qadağan olunub ki, onlar millət vəkili vəzifəsindən sui-istifadə etməsinlər: "Lakin onlar etiraf edirlər ki, faktiki olaraq biznes fəaliyyətləri ilə məşğuldurlar. Millət vəkili kimi də həm toxunulmazlıqdan istifadə edir, həm də öz statuslarından istifadə edərək başqa vətəndaşlara nisbətən üstün mənfəətlər götürməyə nail olurlar".

Sərdar Cəlaloğlu bunun Azərbaycanın bir nömrəli bəlası olduğunu deyib: "Hətta qanunla qadağan olunmuş şəxslər belə gəlib millət vəkili olur. Təəssüf ki, biz hələ hüquqi dövlətdən çox uzağıq. Nə vaxt ki, hüquqi dövlət yaranar, o zaman da problemlər aradan qalxar".

Ayna Fərhad

Sitat.info



Xəbər xətti