"Dünən BMT-nin Laçın yolu ilə bağlı iclasından Təhlükəsizlik Şurasının daimi üzvlərinin mövqeyini təqdim edirəm: Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski Ağdam-Xankəndi yolundan istifadə məsələsinə baxmağa çağırıb.
Böyük Britaniya və Çin "Laçın dəhlizinin" (Laçın yolunun) "blokadasından" narahatdırlar, dəhliz boyu sərbəst hərəkəti bərpa etməyə çağırırlar.
ABŞ-ın BMT-dəki nümayəndəsi: ABŞ "Laçın dəhlizinin" (Laçın yolunun) bağlanmasından "təşvişə" düşüb. Biz Azərbaycan hökumətini "dəhliz" boyu sərbəst hərəkəti bərpa etməyə çağırırıq. Fransanın ermənipərəst mövqeyi məlum. Bunu niyə diqqətinizə çatdırıram. BMT-nin dünəki iclasında Rusiya digər Təhlükəsizlik Şurasının daimi üzvlərindən daha obyektiv və ədalətli mövqe tutdu. Amma Rusiyanı tərifləmək müdafiə etmək nə qədər ayıbdırsa, Qərbi durmadan tərifləmək, müdafiə etmək də o qədər ayıbdır".
Bu sözləri Sitat.info-ya açıqlamasında Ağ Partiyanın sədr müavini Əhəd Məmmədli deyib.
O bildirib ki, Qərbə yaltaqlananlar, qrant adı ilə oralardan pul alanlar, Rusiyaya qulluq edənlərlə eyni tərəzidə ölçülməlidirlər, qınaq obyektinə çevrilməlidirlər: "Lazım gəlsə milli-satqın kimi həbs edilməlidirlər. Biz bütün agentura şəbəkələrinə qarşıyıq! Yoxsa ki, mənim agentim yaxşıdır, sənin agentin pisdir kimi bir yanaşma olmamalıdır... Nə yaxşı ki, Laçın yolunda ABŞ, Fransa sülhməramlıları durmur, yoxsa indi Azərbaycan üçün vəziyyət daha fəna idi..!"