"Rusiya-Ukrayna müharibəsi Rusiyanın iqtisadiyyatına təsir göstərir. Bu baxımdan Rusiyada yaşayan azərbaycanlıların gəlirlərində azalmaların olması da istisna deyil. Rublun məzənnəsində azalmalar var, xarici valyutaya tələb artır. Rusiyanın daha dayanıqlı bazarlara qeyri-enerji məhsullarını ixrac imkanları məhdudlaşıb. Alıcılıq qabiliyyətində azalmalar var. Bütün bunlar Rusiyada yaşayan azərbaycanlıların gəlirlərinə təsir göstərir.
Bu səbəbdən gözlənti, Rusiyada yaşayan azərbaycanlıların öz bizneslərini digər ölkələrə, o cümlədən Azərbaycana köçürülməsidir. Gözlənilir ki, biznesin Rusiyadan digər ölkələrə köçürülməsi müşahidə oluna bilər".
Bu sözləri Sitat.info-ya açıqlamasında deputat, iqtisadçı alim Vüqar Bayramov deyib.
Deputat bildirib ki, hələlik kütləvi köç müşahidə edilmir, bunun da fərqli səbəbləri var: "Rusiyada alıcılıq qabiliyyəti aşağı düşsə də, yenə də Rusiya böyük bazar olaraq qalmaqdadır. Rusiyada yaşayan azərbaycanlılar da üçün də bu ölkə iqtisadi baxımdan, o cümlədən bazarın miqyası baxımından digər MDB ölkələrindən daha böyükdür. Bu baxımdan çətinliklərə baxmayaraq həmyerlilərimiz öz fəaliyyətlərini davam etdirəcəklər. Orada yaşayanlar, xüsusilə də vətəndaşlığı olanlar fəaliyyətlərini davam etdirəcəklər".
V.Bayramov əlavə edib ki, Rusiyadan köçün olması üçün bu şəxslərin digər ölkələrdə, o cümlədən Azərbaycanda biznes qurması, iş yerinin olması vacibdir: " Bu da zaman alan məsələdir və hələ ki, gözləmə mövqeyindədirlər. Bütün bunlarla yanaşı Rusiyada biznesi olan həmyerlimizin bir qismi öz bizneslərini şaxələndirməyə, digər ölkələrə transfer etməyə çalışacaqlar. Bizim də öncədən tövsiyəmiz ondan ibarət idi ki, həm yığımlarda, həm də kapital qoyuluşunun şaxələndirilməsi həyata keçirilsin ki, Rusiyaya tətbiq edilən sanksiyaların həmyerlilərimizə təsirlərini minimumlaşdırmaq mümkün olsun".
Nərgiz,
Sitat.info