"NATO standartlarına uyğun, ABŞ istehsalı olan F16-ların Urkaynaya verilməsi təbii ki, bir yenilikdir. Bu yenilik Ukrayna ordusunun hava hücumu vasitələrinə aid imkanları kifayət qədər genişləndirəcək".
Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O hesab edir ki, F16-ların təhcizatı Hollandiya ilə məhdudlaşmayacaq: "Digər NATO ölkələri də ABŞ-dan F 35 almaq məqsədi ilə özünün istismar etdiyi əvvəlki nəsil F16-ları Ukraynaya, məncə məmuniyyətlə ötürəcəklər. Bu həm Ukraynanın imkanlarını artıra bilər, eyni zamanda F16-ları verən ölkələrin F 35 əldə etməsi üçün şərait yaradacaq".
Ə.Verdiyev vurğulayıb ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri o qədər də effekt göstərmir: "Hətta gün ərzində kiçik ölçülü PUA-lar bir neçə dəfə Moskva və ətrafındakı zonalara hücum edir, kiçik də olsa xəsarət yetirə bilir. Rusiyanın bu gün hava limanları qapanıb. Buna Ukrayna tərəfindən PUA hücumları səbəb olub. Ümid edək ki, Ukraynaya verilən bu silahlar əks hücumları daha da genişləndirməyə imkan yaradacaq".
Məğrur,
Sitat.info