Xəbər verdiyimiz kimi, Rusiya təhlükəsizlik qüvvələri Prezident Vladimir Putindən müdafiə naziri, ordu generalı Sergey Şoyqunu və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovu istefaya göndərməyi tələb edir.
Məsələ ilə bağlı Sitat.info-ya danışan siyasi şərhçi Kənan Novruzov bir müddətdir Şoyqu və Gerasimovun istefaya göndəriləcəyi ilə bağlı iddiaların olduğunu, xüsusilə, Vaqnerin silahlı qiyam cəhdindən sonra bu iddiaların daha da güclənməyə başladığını deyib.
Onun sözlərinə görə, əslində, bir çox məqamlar, o cümlədən Vaqnerin silahlı qiyam cəhdi, müharibənin Rusiya ərazisinə keçməsi, hər gün Rusiya ərazilərinə, paytaxt Moskvaya PUA hücumları və digər amillər Rusiyanın müdafiəsinin lazımi səviyyədə olmadığını deməyə əsas verir: "Müdafiə məsələləri ilə də Müdafiə Nazirliyi məşğul olduğu üçün, hədəfə gəlmələri də normaldır. Digər bir tərəfdən Rusiya artıq Ukraynada da dalana dirənib. Bu da müdafiə nazirliyindəki rəhbər şəxslərin səriştəsizliyinə dair ictimai fikir formalaşdırır".
Siyasi şərhçi qeyd edib ki, əgər proses belə davam edərsə, Ukraynada Rusiyanın irəliləyişi təmin olunmazsa, eyni zamanda Ukrayna Rusiyaya hücumları davam etdirərsə, şübhəsiz ki, Şoyqu və Gerasimovun vəzifələrindən azad olunması ilə bağlı ehtimallar getdikcə artacaq: "Artıq həmin kadrlar ola bilər ki, Kremlin gözündən düşsünlər. Həmin şəxslərin vəzifədən azad edilmələri də risklidir. Bu daxildə kataklizmlərə, generalların çevriliş cəhdlərinə səbəb ola bilər".
K. Novruzov deyib ki, Putinin bu riskə gedəcəyinə düşünmür, çünki bu ehtimalları Putin özü də nəzərə alır: "Bundan əlavə, onun Şoyqu ilə yaxın dostluq münasibətləri var. Lakin bununla belə gələcəkdə Rusiya ordusunda strateji vəzifə sahiblərinin istefaya göndərilməsi mümkündür".
Aytəkin Əliyeva
Sitat.info