"Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra müstəqilliyin ilk illərindən artıq Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmiz müstəqil, uğurlu, siyasət həyata keçirməyə başladı. Qısa vaxt ərzində həm region ölkələri, həm də dünyanın böyük dövlətləri anladılar ki, bu dövlət konkret öz milli maraqları çərçivəsində siyasət həyata keçirir. Bu siyasətdə əsasən də xarici siyasət kontekstindən baxsaq, qonşu dövlətlərlərlə yüksək səviyyəli münasibətlər qurulduğunu görərik. Ermənistanın düşmən mövqeyi isə buna imkan vermədi. İranla münasibətlərə baxsaq, Azərbaycanın daimi olaraq bu ölkə ilə münasibətlərin normal olmasına maraqlı olduğunun və bunu əməli fəaliyyətlə də sübut etdiyinin şahidi olarıq".
Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Vüqar İsgəndərov deyib.
Onun sözlərinə görə, birinci Qarabağ müharibəsi dövründə, Şuşanın alınmasına qədər olan proseslər dövründə də İranın dırnaqarası fəaliyyətləri hər kəsə bəllidir: "İkinci vətən müharibəsi dövründə İranın Ermənistana açıq-aşkar dəstəklərini bilməyən yoxdur. Azərbaycan eyni zamanda öz strateji maraqlarını həmişə əlində rəhbər tutub. Ölkəmiz üçün milli maraqlar hər şeydən üstündür. Xarici siyasət sahəsində dost ölkələrdən biri də İsraili qeyd edə bilərik. Azərbaycan İsraillə bütün sahələri əhatə edən çox yüksək səviyyəli əlaqələr formalaşdırıb. Bu münasibətə həm Azərbaycan, həm İsrail vacib hallarda sadiq olduqlarını nümayiş etdiriblər. İranın bu münasibətlərə qısqanclıqla yanaşdığı bəllidir. İran bununla bağlı zaman-zaman bəyanatlar verib, təxribatlara cəhd edib, amma hər dəfə Azərbaycan öz konkret əməli və mövqeyi ilə göstərib ki, bu münasibət heç də digər ölkələrə qarşı deyil. Prezident İlham Əliyev dəfələrlə öz iranlı həmkarı ilə fərqli platformalarda bununla bağlı konkret fikirlər söyləyib".
Deputat qeyd edib ki, İranın son zamanlardakı təxribatları, səfirliyimizə olunan hücum, sərhədlərimizdəki hərbi təlimlər, hədə-qorxular Azərbaycan tərəfindən çox uğurla dəf edildi. Azərbaycan irana bir daha yerini göstərdi ki, biz heç nədən çəkinmirik, öz milli maraqlarımız var və istənilən ölkə ilə necə münasibətlər quracağımızı özümüz müəyyənləşdiririk".
V.İsgəndərov İranın Ermənistanla olan qardaşlıq, bacılıq, dostluq münasibətlərini hər kəsin gördüyünü də diqqətə çatdırdı: "İslam dəyərlərindən dəm vuran İranın dünyada İslamı təhqir edən bir ölkə ilə dostlaşıb qardaşlaşması, məscidlərdə donuz saxlayan bir dövlətlə yaxın əlaqələri qurması, "bir dövlətik" deyən iki ölkənin xarici işlər nazirləri və s. düşünməlidir ki, bu münasibətlər yersizdir. Lakin Azərbaycan-İsrail münasibətləri tarixin sınağından uğurla çıxıb və İsrail Azərbaycanın çətin anlarında öz dostluq mövqeyini layiqincə göstərib. Ona görə də, İsraillə bugünkü münasibətlərimiz heç kəsi narahat etməməlidir. Bu gün harada hansı silahları saxlamağımız, hansı əməliyyatları etməyimiz öz daxili işimizdir. İran yaxşı bilir ki, həmin ərazilər Ermənistanla sərhəd bölgələrimizə çox yaxındır. Azərbaycan öz strateji yüksəkliklərini, coğrafi relyefdə hansı ərazilərdə mühəndis qurğularını qurumalarını, hərbi məsələlərlə bağlı planlarını özü müəyyənləşdirir və bunu heç kəslə müzakirə etmir. Bu Azərbaycanın daxili işidir. Bu kimi məsələlərdə İranın hər hansı bir fəaliyyəti sadəcə blefdir".
Seymur Bənnayev
Sitat.info