MİDA 442 mənzili 5 saniyədə satıb? - Narazılıqlar artır..

14:43 30 Mart 2022

Bu sosial şəbəkələrin və ictimai müzakirələrin əsas mövzularından biri MİDA-nın onlayn satışa satışa çıxartdığı 442 mənzilin 5 saniyədə satılmasıdır. Hazırda çox güclü narazılıq yaranıb və peşəkar proqramistlərin belə 5 saniyədə hansısa mənzili əldə etməsinin mümkün olmadığı deyilir. 

Məsələ ilə bağlı açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirdi ki, bu gün MİDA güzəştli mənzillərin növbəti onlayn satışını həyata keçirib: "Satışdan öncə iddiaçıların onlayn satış prosesini test etməsi üçün bir ay müddətində DEMO versiya aktiv olub.Bu gün baş tutan onlayn satışın yekunu ilə bağlı sosial mediada müəyyən narazılıqlar müşahidə olunur.

Əvvəlkilərdən fərqli olaraq satışın hətta 4 saniyə müddətində gerçəkləşdiyi, bəzi iddiaçıların xüsusi proqram təminatlarından istifadə etdiyi bildirilir".

O.Gündüz xatırladıb ki, onlayn satış prosesini xeyli sayda dövlət qurumları və beynəlxalq qurum izləyir: "Əvvəllər mən də bir neçə dəfə müşahidəçi olaraq bu prosesi izləmişəm.

Prosesin təkmilləşdirilməsi və şəffaflığın artırılması üçün təkliflər təqdim etmişik.

Bu gün baş tutan onlayn satışa müşahidəçi olaraq dəvət edilməmişik.

Ümid edirəm MİDA bu gün baş tutan satış haqqında, narazılıqlar haqqında ətraflı məlumat verəcək".

Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi - Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin 4 saylı binası üzrə 64, 6 saylı binası üzrə 44, 18 saylı binası üzrə 44, 21 saylı binası üzrə 44, 22 saylı binası üzrə 39, 23 saylı binası üzrə 39, 24 saylı binası üzrə 24, 25 saylı binası üzrə 72 və 26 saylı binası üzrə 72 mənzilin, ümumilikdə 442 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə güzəştlə satışı prosesinə 30 mart 2022-ci ildə saat 11:00-da başlanılıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.

 



Xəbər xətti