"Putinlə Ərdoğan Qarabağ məsələsini, sülh sazişini də müzakirə edəcəklər" - Vüqar İsgəndərov

12:30 29 Avqust 2023

"Əvvəla onu deyim ki, sentyabrın 2-də iki liderin - Ərdoğan və Putinin Soçidə baş tutacaq görüşü dünyanın diqqət mərkəzindədir. Bilirsiniz ki, son zamanlar Türkiyənin həm bölgədə, həm də qlobal anlamda artan nüfuzu, Ərdoğanın uğurlu siyasəti diqqət mərkəzindədir. Yalnız Avrasiya qitəsində deyil, Afrikada, hətta Cənubi Amerikada belə keçirilən sorğularda o, hər kəsdə maraq doğuran, son zamanların haqqında ən çox danışılan liderlərindən biridir. Bu sıraya Vladimir Putini də əlavə etmək olar. Hazırda Rusiya-Ukrayna müharibəsi fonunda dünyada Putini tanımayan və ümumiyyətlə onun siyasəti ilə maraqlanmayan, Rusiyanın hazırki mövqeyi barədə araşdırma aparmayan çox az siyasi institutlar mövcuddur"

Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Vüqar İsgəndərov deyib.

Deputat bildirib ki, Ərdoğanla Putin görüşündə taxıl dəhlizi, iki ölkə arasında iqtisadi əlaqələr, turizm, habelə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi məsələsi də müzakirə olunacaq:

"Bu fonda baxsaq, hər iki liderin   görüşü hər zaman diqqət mərkəzində olub.  NATO üzvü olsa da, NATO üzvlərindən fərqli olaraq Ərdoğan Rusiya ilə münasibətdə neytral mövqe sərgiləyir, Ukraynanın ərazi bütövlüyünü tanıyır, bu torpaqların Ukrayna ərazisi olduğunu söyləyir, lakin Putinlə olan münasibətlərini də qoruyub saxlayır. Hər iki lider bir-birləri haqqında zaman-zaman komplimentlər də söyləyirlər. 

Ona görə də, iki ölkə liderlərinin baş tutacaq  görüşü dünyanın diqqət mərkəzində olacaq. Görüşdə təbii ki, taxıl dəhlizi sazişi məsələsi mühüm mövzulardan biri olacaq. Digər məsələ, hər iki ölkənin qayğılı məsələləri olacaq. Bəllidir ki, Türkiyə və Rusiyanı ticarət, turizm və s.  iqtisadi məsələlər bir-birinə bağlayır". 

V.İsgəndərov hesab edir ki, digər bir məsələ isə Qarabağ mövzusu olacaq: "Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanılması ilə bağlı məsələlər, son vaxtlar ermənilər tərəfindən həm Qarabağda törədilən təxribatlar,  həm də dünyada yaydıqları dezinformasiyaların da müzakirəsi gözlənilir. Görüşün müsbət nəticələnəcəyini düşünürük".

Seymur,
Sitat.info



Xəbər xətti