"Qarabağ separatçıları Bakıdan göndərilən humanitar yükü bir müddət qəbul etməyəcəklər. Separatçılar Fransanın erməni lobbisinin təsiri ilə Ermənistana gələcək Paris meri Ann Hidalqonun “aksiyasının” nəticəsini gözləyəcəklər".
Bu sözləri Sitat.info-ya politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə bu, Paris meri “humanitar yüklə” Azərbaycan sərhədinə gəlməyi planlaşdırır: "Erməni lobbisi Parisin merini zərbə altında qoyacaqlar. Çünki həmin mer Azərbaycan ərazisinə daxil ola bilməyəcək¸ bir neçə gün sonra geri qayıtmalı olacaq. Ermənistan hakimiyyəti Qarabağ separatçılarıyla birgə bu səfərdən də nəticə əldə etmədikdən sonra yenə eyni sualla üzləşəcəklər: “İndi nə edək?”
E. Şahinoğlunun fikrincə, Qarabağ erməniləri arasında “Bakıdan göndərilən yükləri qəbul edək, yoxsa yox” sualı ətrafında diskussiya başlayacaq, aralarında fikir ixtilafı yaranacaq: "Biz bir gediş də edə bilərik. Yüklərimizin qəbul edilməsi tərəfdarı olan ermənilərlə təmasa keçməli və yükləri qəbul etmək məqsədilə onlara çağırış etməliyik".
Aytəkin Əliyeva
Sitat.info