Vüqar İsgəndərov: "Təxribatların davamı gələrsə, Ermənistan ordusu darmadağın ediləcək"

11:47 2 Sentyabr 2023

"Ermənistan və onun havadarları son zamanlar sülh müqaviləsinin imzalanmaması üçün bütün təxribatçı addımları atmaqdadırlar. Təxribatçılara əsas ruh və həvəs verən başda Fransa, Kanada və digər ölkələr, təbii ki, bu təxribatın əsas təşkilatçılarından sayılmalıdırlar".

Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Vüqar İsgəndərov deyib.

Onun sözlərinə görə, təxribatçılarım bütün siyasətləri iflasa uğrayıb, hərtərəfli dalana dirəniblər: "Nə Qarabağda yaşayan təxribatçı tör-töküntülər, nə Ermənistanda yaşayan təxribatçılar, nə də beynəlxalq arenadakı onların havadarları heç bir digər çıxış yolları tapa bilmirlər. Çünki Azərbaycan prezidentinin uğurlu siyasəti və onları faktlar qarşısında qoyması hər birinin əl-qolunu bağlayır. Bu təxribatlar lazımi cavabını alır və almaqda da davam edəcək. 2020-ci il 10 noyabr bəyanatından sonra indiyədək Azərbaycan ordusu tərəfindən bir neçə ildrımsürətli əməliyyatlar həyata keçirilib və həmin əməliyyatlarda hektarlarla yeni ərazilər, sahələr, yüksəkliklər, əlverişli mövqelər qazanmışıq və erməni birləşmələrini də həmin ərazilərdə darmadağın etmişik".

Deputat qeyd edib ki, bu günkü təxribat nəticəsində də Azərbaycan lazımi adekvat addımlar atır. Hansı qərarların veriləcəyi isə situasiyadan asılıdır: "Təbii ki, geniş maştablı təxribat hadisələri olarsa, onlar lazımınca cavablandırılacaq və Azərbaycan tərəfi vacib addımları atacaq. Neçə günlərdir Ermənistan beynəlxalq arenada manipulyasiyalarla məşğuldur. Lakin qeyd etdiyimiz kimi, Azərbaycanın xarici siyasəti bu təxribatların qarşısını ustalıqla alır və əksinə daha da yeni formada hücum taktikasıyla erməniləri və onların havadarlarını yerlərində otuzdurur. Təxribat davam edəcəksə Azərbaycan tərəfi bütün lazımi, vacib hərbi addımların atılmasını təmin edəcək və bu təxribatlar emrənilərin ziyanına işləyəcək. Onlar bunu anlamalıdırlar. Təxribatların genişlənməsi ermənilərin olan-qalan ordusunun da darmadağın olmasına gətirib çıxaracaq".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti