"Artıq antiterror əməliyyatlarının keçirilməsi zəruridir" - Elman Nəsirov

14:10 4 Sentyabr 2023

"Ermənistanın baş naziri Nikol Paşinyan "Qarabağ Azərbaycandır", "Azərbaycanın ərazi bütövlüyünü tanıyıram və onun konkret parametrlərini, yəni 86.600 km²-i tanıdığını" bəyan etdikdən sonra güman etmək olardı ki, artıq sülh prosesi bu ilin sonuna qədər öz məntiqi sonluğuna gəlib çata bilər".

Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, regiona dayanıqlı və uzunmüddətli sülhün gəlməsi üçün ən münbit şərait yetişib, amma Ermənistan görünür ki, yenə öz köhnə ampulasındadır: "Ermənistan bir yandan sülhdən danışır, digər yandan isə bütün addımları müharibəyə aparır. Bununla da faktiki olaraq sülh müqaviləsin imzalamaq istəmədiyini ortaya qoyur. Ermənistanın niyyəti ondan ibarətdir ki, Qarabağda yaşayan ermənilər üçün muxtariyyət əldə etsin, həm də Azərbaycanın nəzarəti altında deyil, beynəlxalq təşkilatın himayəsi altında bunu reallaşdırmaq istəyir. Bu məqsədlə də hərbi əməliyyatların ardı-arası kəsilmir, atəşkəs tez-tez pozulur, Azərbaycanla şərti sərhədində tez-tez təxribatlara əl atır. Hadisələrin bu dinamikasını izlədikdə hesab edirəm ki, Azərbaycan tərəfindən antiterror əməliyyatın keçirilməsi bir zərurətə çevrilə bilər. İlham Əliyev dəfələrlə qeyd edib ki, post-müharibə dövrünün həllini gözləyən məsələlərinin sülh yolu ilə tənzimlənməsini istəyirik, lakin Ermənistan bunu istəmir, hətta bütün atdığı addımlar müharibənin labüdlüyünü şərtləndirir".

Deputat qeyd edib ki, Azərbaycan antiterror əməliyyatları keçirmək məcburiyyətində qalsa, bütün məsuliyyət Ermənistanın və ona havadarlıq edənlərin, xüsusilə də Fransanın üzərinə düşəcək.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti