Yeni silahların Paşinyana verdiyi yersiz özgüvən: Ordumuz hərəkətə keçərsə...

14:55 4 Sentyabr 2023

"Dünənə qədər Nikol Paşinyan çıxışlarından Qarabağ mövzusuna əhəmiyyət vermirdi. Elə ki, Hindistandan 750 milyon dollarlıq müxtəlif növ silahlar aldılar, 300 milyon dollarlıq da Fransadan bəxşişlər gəldi, indi ona elə gəlir ki, artıq ordu quruculuğunu başa çatdırıb. İndi səsi də başqa cür çıxır. Danışıqlar prosesindən geri çəkilir, Rusiyanı hədələyir, Qərbə inteqrasiyadan danışır".

Bu  sözləri Sitat.info-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. 

O bildirib ki, son vaxtlar Qərb Paşinyanı çox ciddi surətdə əzizləməyə başlayıb: "Sülhyaratma prosesində iştirak edən Avropa İttifaqı Azərbaycanı tənqid edən bəyanat səsləndirdi. Şarl Mişel vasitəçi olmaq istəyirsə, niyə baş verənləri dərk etmək istəmir? Azərbaycan öz suverenliyinə daxil olan  ərazilərə gətirilən yüklərin nəzarətdən keçirilməsini istəyir.  Bu qədər bəsit bir tələbdir. Onlar isə buna min cür don geyindirib etnik təmizləmə, soyqırım və sair barədə danışırlar". 

Politoloq Paşinyanın danışıqlar prosesindən geri çəkilməsinin səbəbini bu cür izah edir: "Paşinyan da bu vəziyyəti dəyərləndirir və görür ki, Azərbaycanın  üzərinə gələnlər çoxdur, Ermənistana beynəlxalq dəstək artıb, eyni zamanda daxildən də ona təzyiqlər var ki, indiki şərtlərlə sülh sazişi bağlamaq olmaz,  ona görə də artıq danışıqlardan geri çəkilir. İki gündür Ermənistanda mitinqlər başlayıb. Mitinqlərin əsas ideyası odur ki, Nikol Paşinyan, "Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıram" fikrindən imtina et. Ancaq onlar nə düşünürsə düşünsün, biz onların ağlı ilə hərkət eləmirik. Lazım gəlsə Ordumuz yenə hərəkətə keçəcək və ərazi bütövlüyümüzü tam bərpa edəcəyik. Çünki diplomatik yolla buna nail olmağımıza mane olurlar. Ermənistana dəstək verməklə onu qeyri-konstrtuktuv davaranışlara təşviq edirlər".

Nərgiz,

Sitat.info



Xəbər xətti