Ermənistan öhdəliklərindən boyun qaçırır: Rəsmi Bakı hərəkətə keçəcək

12:12 5 Sentyabr 2023

"Ermənistan baş nazirinin müavini Mger Qriqoryan deyib ki, infrastrukturun bərpası region üçün müsbət qərardır. Onun sözlərinə görə, məsələ ilə bağlı hələ bir çox sual var".

Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

 Onun sözlərinə görə, Qriqoryanın bu açıqlaması Ermənistan rəsmilərinə xas şəkildə ikibaşlıdır: "Belə ki, o, bir tərəfdən infrastrukturun bərpasının regionun xeyrinə olduğunu deyir, digər tərəfdən isə sözügedən məsələ ilə bağlı problemlərin olduğunu vurğulayır. İkinci cümlə onun daha əvvəl səsləndirdiyi fikrinin səmimiliyini sual altına qoyur. Çünki rəsmi İrəvan nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasında maraqlıdırsa və doğrudan da, bu məsələ ilə bağlı çətinkliklər varsa, deməli, tərəf müqabili kimi həmin problemlərin həllinə çalışmalıdır. Ermənistan isə bu istiqamətdə heç bir addım atmır. Əksinə, regionda vəziyyətin gərginləşməsinə çalışır".

Siyasi şərhçi deyib ki, əslində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci ildə imzaladıqları üçtərəfli razılaşmada kommunikasiyaların açılması nəzərdə tutulub: "Rəsmi İrəvan isə indiyədək bu öhdəliyini yerinə yetirməkdən boyun qaçırır. Halbuki Ermənistan heç bir ilkin şərt olmadan infrastrukturun bərpasına razı olmalıdır".

 K. Novruzov qeyd edib ki, son zamanlar davam edən proseslər, o cümlədən Ermənistanın hərbi-siyasi təxribatları onu deməyə əsas verir ki, qarşı tərəf hələ ki, sülh müqaviləsinə hazır deyil: "Bu isə o deməkdir ki, rəsmi İrəvana təzyiqlər lazımi səviyyədə deyil və daha da artırılmalıdır. Əks halda Ermənistan yenə də “nala-mıxa vurmağa” davam edəcək, vaxt qazanmağa çalışacaq. 

Siyasi şərhçi açıqlamasında Qriqoryanın problem kimi nəzərdə tutduqlarının kökündə əslində tərəflər arasındakı fundamental fikir ayrılıqları dayandığını deyib: "Buna misal kimi, sülh müqaviləsinin şərtlərini, həmçinin sərhədlərin delimitasiya və demarkasiyası, reinteqrasiya prosesi və xunta rejimin ləğvini göstərmək olar. Əgər bu məsələlər həllini tapsa, infrastruktun bərpası da avtomatik olaraq həll ediləcək. Bir sözlə, rəsmi İrəvan öz ampluasındadır: destruktiv mövqeyi davam etdirir. Bu isə rəsmi Bakının daha ciddi hərbi - diplomatik addımları ilə nəticələnə bilər.

Siyasi şərhçi Kənan Novruzov, xüsusi olaraq Sitat.info üçün



Xəbər xətti