"İrəvanın qeyri-konstruktiv davranışı bizi ləngitmir" - Bəhruz Məhərrəmov

20:01 6 Sentyabr 2023

"Azərbaycan sülh prosesində qərarlı olsa da, milli maraqlarını bu prosesə qurban vermək niyyətində deyil. Sülh istiqamətində cənab İlham Əliyevin direktivlərinin elə beynəlxalq hüququn hamılıqla tanınan prinsipləri və ümumbəşəri dəyərlərə əsaslanmasına baxmayaraq, Ermənistan qeyri-konstruktiv davranışı ilə göstərir ki, İrəvanla müzakirələrin perspektivi yox səviyyəsindədir".

Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib. 

Onun sözlərinə görə, 30 illik münaqişə dövründə danışıqlar prosesini bir kənara qoysaq, yalnız son 3 ildə başlanan sülh müzakirələri sırf Ermənistanın məqsədli təxribatları ilə bir neçə dəfə kəsilib: "Bu ilin əvvəlində möhtərəm Prezidentin 2023-cü ilin sülh üçün son şans ili olmasını deməsinin ardınca proses nəticəyönümlü inkişaf etsə də, məlumdur ki, son nəticədə yenidən İrəvan danışıqları pozdu. Əlbəttə, İrəvanın sülh prosesində qeyri-adekvat davranışı mahiyyət etibarilə mənfi tendensiyalara yol açır və qəbul edirik ki, İrəvan beynəlxalq hüquqa və BMT məqsədlərinə sadiq qalsa idi, bölgə üçün daha faydalı mənzərəyə şahidlik edə bilərdik. Lakin fərqli kontekstdən baxsaq, Azərbaycan sülh əldə etməklə nələrə nail olacaqdısa, faktiki olaraq bu 3 ildə nail olub və qarşımıza qoyduğumuz digər məqsədlərə doğru sürətlə irəliləyirik - Zəngəzur dəhlizi infrastrukturu sürətlə qurulur, quruculuq-bərpa prosesi uğurla davam edir, artıq Zəngilan və Laçına, o cümlədən, Füzuli və Tərtərin işğaldan azad olunmuş bölgələrinə uğurlu köç başlayıb. Yəni İrəvanın qeyri-konstruktiv davranışları bizi ləngitmir. Çünki bölgədə reallığı cənab İlham Əliyev diqtə edir və İrəvan danışıqlarda kəsintilərə yol verdikcə diqtə edən Azərbaycanı yox, elə məğlub Ermənistanın özünü daha mürəkkəb duruma sürükləyir. Dövlət başçımızın ifadə etdiyi kimi, "biz sülh arzu edirik, ancaq sülh olmayacaqsa olmayacaq".  Bu isə o deməkdir ki, biz şərti sərhədlər boyu bildiyimiz və özümüzə uyğun formada təktərəfli qaydada delimitasiya, demarkasiya prosesini həyata keçirəcək, o cümlədən Zəngəzur dəhlizini təktərəfli qaydada açmalı olacağıq. İrəvan, yaxud onun havadarları buna maneə ola bilərmi? Təbii ki, yox. 44 günlük savaşda qarşımızda dura bilməyən şər blokunun hazırda daha güclü və daha üstün hərbi-siyasi mövqelərə malik olduğumuz bir şəraitdə heç bir şansı yoxdur.

Deputat qeyd edib ki, digər mühüm məqam Azərbaycanın qarşıya qoyduğu məqsədlərin cənab İlham Əliyev tərəfindən qlobal niyyətlərlə uzlaşdırılmasıdır: "Yəni artıq Zəngəzur dəhlizi yalnız Azərbaycanın yox, bütövlükdə Çindən Böyük Britaniyaya uzanan kommunikasiya xəttinin mühüm elementinə çevrilib və İrəvan da vəziyyətin fərqindədir. Ola bilsin ki, hazırda mövcud gərginlik fonunda Zəngəzur dəhlizi barədə az danışılır, lakin Zəngilana - Ağbəndə doğru dəmir yolu da, avtomobil yolları da sürətlə tikilməkdədir. Qısa dönəmlik periodlarda dəyişik davranışlar dövlətlərin uzunmüddətli perspektivlərinə təsir etmir. Bir sözlə, hazırda Sakit Okeandan Atlantik Okeana qədər Avrasiya boyu uzanan kommunikasiya xətti, bu yolun isə ən mühüm bəndi olan Zəngəzur dəhlizinin əhəmiyyəti əvvəlki dövrələrə münasibətdə nəinki azalmayıb, əksinə qat-qat artıb".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti