"Son vaxtlar Ermənistanın baş naziri Nikol Paşinyan absurd bəyanatlar verir. Əsas məqamlardan biri də odur ki, beynəlxalq səviyyədə istər ABŞ, istər Avropa, istər Rusiya səviyyəsində aparılan danışıqlarda Azərbaycanın ərazi bütövlüyünü tanınmasını bəyan edən Paşinyan, bu gün SSRİ dönəmində o vaxtki Dağlıq Qarabağ Muxtar Vilayəti və Şaumyan rayonunun məhz Ermənistana birləşməsi ilə bağlı guya deputatların qəbul etdiyi qərarı yenidən gündəmə gətirir. Məlumdur ki, o vaxt da SSRİ konstitusiyasına zidd addımlar atılmışdı. Öz havadarları vasitəsilə nəyin bahasına olursa-olsun Dağlıq Qarabağ muxtar vilayətini Azarbaycanın tərkibindən uzaqlaşdırmağa çalışmışdılar. Bunun yenidən gündəmə gətirilməsi Ermənistandakı daxili siyasətlə və havadarlarının apardığı siyasətlə bağlıdır. Bir tərəfdən "TIR şou"su, yardımla bağlı şoular hamısı birmənalı şəkildə sülh müqaviləsinin imzalanmasını çətinləşdirən və status kvonun saxlaması üçün atılan addımlardır".
Bu sözləri Sitat.info-ya açıqlamasında Milli Məclisin deputatı, politoloq Arzu Nağıyev deyib.
A. Nağıyevin fikrincə, sərhəddə olan təxribatların da əsas məqsədi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan müxtəlif dövlətləri cəlb etməkdir: "Eyni zamanda bilirdilər ki, bunların cavabı veriləcək. Məhz müşahidəçi adı altında vizual kəşfiyyatçılardan ibarət Avropa nümayəndələrinin regionda olması da hamısı hesablanmış məsələlərdir. Ona görə də belə təxribatlara yol verilir. Azərbaycan öz daxili və xarici siyasətini stabil olaraq qurur və qurmaqdadır. Hər atılan təxribatın qarşısı ciddi cəhdlə alınacaq və alınır da. Biz artıq ərazi bütövlüyümüzü, suvrenliyimizi Laçın dəhlizində nəzarət buraxılış məntəqəsi qurandan sonra bərpa etmişik. İstənilən yükün keçirilməsi də Azərbaycan qanunlarına uyğun keçiriləcək. Bu gün separatçı qurumlara havadarlıq edən bir sıra xarici dövlətlər başa düşməlidir ki, onların atdıqları addımlar beynəlxalq qanunlara ziddir. Bu gün Ağdam-Xankəndi yolu ilə hərəkət bərpa olunmalıdır. Əgər doğrudan da dedikleri kimi, humanitar təhlükə varsa, bizim yüklər ora çatdırılmalıdır".
O həmçinin bildirib ki, Rusiya sülhməramlıları da bu problemin həllində rol oynamalıdırlar: "Onlar məhz tərəflərin heç birinə yardım etmədən, daha doğrusu müəyyən qanunsuz məsələlərdə, daşınmalarda separatçıların tərəfini saxlamadan, öz üzərlərinə düşən funksiyaları yerinə yetirməlidir. Əks halda yaratdıqları problemlər ciddi qarşıdurma ilə nəticələnər. Bu gün separatçı qüvvələr də başa düşməlidir ki, orada 3 kateqoriya ermənilər yaşayır. Azərbaycan bayrağı altında yaşamaq istəyənlər müraciət edib, Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. 30 illik işğal dövründə gələn terrorçular separatçılar qanunla öz cəzalarını alacaqlar. Onlar bu gün qaçmağa çalışırlar. Separatçı qüvvələr də bilir ki, cəzalarını alacaqlar".
Deputatın sözlərinə görə, ermənilərin BMT TŞ-a müraciətinin cavabsız qalması da göstərdi ki, Azərbaycan beynəlxalq səviyyədə dəstəkləndi: "Azərbaycan beynəlxalq təşkilatlara haqq yolda olduğunu sübut etdi. Paşinyanın verdiyi bəyanatlar absurddur və bu bəyanatlara görə onlar məsuliyyət daşıyırlar. Qoşunların dislokasiyasina gəlincə, ermənilər ciddi cəhdlə KTMT üzvü olduqlarını qabartmağa, Rusiyadan istifadə etməyə çalışırlar. Rusiya da birmənalı şəkildə onların cavabını verdi ki,bu münaqişəyə qoşulmayacaq. Əsas məsələ odur ki, ermənilər nə qədər sərhəddə qoşun toplasa da, Azərbaycan hər an hazırdır. Atılan hər bir addımın qarşısı alınacaq. Əsas məsələlərdən biri odur ki, böyük qayıdış zamanı həmin vətəndaşların təhlükəsizliyi üçün lazımi addımlar atılıb. Bu ərazidə hərbi birliklər var, hava hücumundan müdafiə üçün lazımi hazırlıq var. Vətəndaşlarımıza qarşı təhlükə yoxdur".
A.Nağıyev son olaraq bildirdi ki, bütün bunların sonu antiterror əməliyyatları ilə nəticələnə bilər: "Ermənilər bunu anlamalıdır. Terror dəstələrini tərksilah etmək üçün elə böyük müharibəyə ehtiyac yoxdur, bir neçə saata zərərsizləşdirib ölkələrinə qovmaq və ya həbs etmək olar. Ciddi bir təhlükə yoxdur və lazımi hazırlığımız da var
Məğrur Salmanov,
Sitat.info