"Son günlər bir sıra beynəlxalq qurumlar tərəfindən Laçın yolu ilə bağlı qəbul edilən qərəzli bəyanatların sayı artmaqdadır. Ermənistanın saxta təbliğat kampaniyasına dəstək olan bir sıra paytaxtlarda təşkil edilən dinləmələr ilə Azərbaycana təsir etmək meyilləri də güclənməkdədir. Amma Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, dünyada heç kim, heç bir təzyiq Azərbaycan dövlətinin ölkənin qanuni maraqlarını müdafiə etmək iradəsinə təsir göstərə bilməz. Bu isə o deməkdir ki, xarici aktorlar regionda gərginliyin artmasına deyil, reinteqrasiya və əməkdaşlıq prosesinə dəstək olmağa çalışmalıdırlar".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı alim, deputat Vüqar Bayramov deyib.
O bildirib ki, Azərbaycanın Laçın yolundan tibbi məqsədlər, Ağdam-Xankəndi yolundan isə yükdaşımalar üçün istifadə olunması ilə bağlı təklifi bölgədəki mövcud gərginliyin həllinə ən optimal yanaşmadır: "Ermənistan siyasi hakimiyyətinin hər vəclə yalnız Laçın yolundan istifadə etməyə can atması heç də humanitar deyil, daha çox yenidən maneəsiz gediş-gəlişə nail olmaq məqsədi daşıyır. Amma Laçın buraxılış məntəqəsinin fəaliyyəti Azərbaycanın suveren hüququdur və heç bir halda bu hüququn məhdudlaşdırılması müzakirə obyekti ola bilməz".
Deputat əlavə edib ki, artıq müasir standartlara uyğun olaraq inşa edilən 44.5 km uzunluğu olan Bərdə-Ağdam yolunun qurulması da tamamlanmaq üzrədir: "Bu yol 26 km-lik Ağdam-Xankəndi yoluna inteqrasiya olunacaq. Nəticədə, bu yol Qarabağ iqtisadi rayonu ilə Azərbaycanın digər bölgələri arasında daha asan və qısa quru nəqliyyat əlaqəsinin formalaşmasına imkan verəcək. Bu Qarabağ iqtisadi rayonunun inkişafı baxımdan da vacibdir".
Nərgiz,
Sitat.info