"İran son günlər baş verən proseslərdə neytral mövqedə qalmış kimi görsənir. Sabah Azərbaycan hərbi əməliyyatlara başlayarsa İranın nə edəcəyini bilmək olmaz. Bizim birləşdirmək istədiyimiz Zəngəzurdan gizli şəkildə tırlarla Ermənistana raketlər verəcəklər. Əminəm ki, müharibə olsa və təbii ki, Azərbaycan o müharibədə yenə qalib gələcək və növbəti Qənimətlər Parkında İran istehsalı silahlar da olacaq".
Bu sözləri Sitat.info-ya açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib.
Onun sözlərinə görə, İranın nə edəcəyini təxmin etmək mümkün deyil. Çünki onun özü həssas məqamdadır: "Amerika bu məsələdə nə qədər Ermənistanın yanında kimi görsənmiş olsa, İran məsələsi Amerika üçün daha ciddi məsələdir. İsrail üçün daha ciddi məsələdir və İran da gözəl bilir ki, bu dövlətlər İrana bu və ya digər formada təsir etmək üçün bəhanə axtarırlar. Yəni suveren bir ölkəyə İran müdaxilə etsə, bunun cavabı həm Türkiyə, həm İsrail, həm də ABŞ səviyyəsində veriləcək. Burada İsrailin də öz maraqları var. Bəzən biz deyirik ki, Zəngəzurda İsrailin maraqları var. Təbii ki, ola bilər ki burda İsrailin də, Amerikanın da maraqları olsun. Bəzi maraqlar üst-üstə düşürsə biz nə edə bilərik? Bu o demək deyil ki, biz İsrail aşiqiyik. Çörçilin də dediyi kimi, daimi dostluqlar yoxdur, daimi maraqlar var. Azərbaycanın daimi dostu Türkiyə var, Türk dövlətləri də bu sıraya qoşulacaq. Maraqlarımız bu gün İsraillə, sabah İranla üst-üstə düşürsə nə edə bilərik? Biz öz maraqlarımız istiqamətində hərəkət etməliyik. Partiya başqanın məsələ ilə bağlı son sözü ondan ibarətdir ki, Azərbaycan ordusu, Azərbaycan xalqı hər an hərbi əməliyyatlara hazır olmalıdır".
Seymur Bənnayev
Sitat.info