"Qarabağa göndərilən yükün məhz Ağdam yolu ilə Xankəndiyə çatdırılması Azərbaycanın növbəti qələbəsi və növbəti dəfə beynəlxalq hüququn aliliyini təmin etməsidir".
Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, prezident İlham Əliyev necə iradə və qətiyyət nümayiş etdirərək Vətən müharibəsində BMT TŞ-nın qətnamələrinin icrasını hərbi-siyasi yolla təmin etdisə, eləcə də qələbədən doğan gücümüz, artan hərbi-siyasi imkanlarımız və qlobal miqyaslı lider kimi özünün şəxsi nüfuzu hesabına ciddi maneələri qətiyyətlə dəf edərək BMT Nizamnaməsinin 2-ci maddəsinin 4 və 5-ci bəndlərinin, habelə beynəlxalq hüququn prinsiplərinin aliliyinə nail oldu: "Azərbaycan Prezidenti göstərdi ki, bu regionda şərtləri diqtə edən bizik. Heç şübhəsiz ki, Ağdam-Xankəndi istiqamətində maneələri və toplanmış ünsürləri hərbi yolla aradan qaldırmaq Azərbaycan üçün çətin deyildi. Beynəlxalq hüquq da Bakının tərəfində idi. Üstəlik, heç bir qüvvə, nə Ermənistan və havadarları, nə də separatçı rejim mümkün hərbi qarşıdurmada Azərbaycanın qələbəsinə şübhə etmirdi. Lakin Ermənistan və havadarları aprel ayından başlanmış hərbi qarşıdurmaya "şou"nun kuliminasiya nöqtəsi kimi baxırdı. Lakin Prezident İlham Əliyev böyük müdriklik və siyasi təmkin göstərib prosesləri qətiyyətlə idarə edərək, məhz Bakının siyasi iradəsinin əsas olduğunu göstərdi. Eyni zamanda Ağdam yolundan yükün daşınması ilə Ermənistan və Qərbin "humanitar fəlakət şousu"na nöqtə qoyuldu.
Deputat açıqlamasında deyib ki, prezident İlham Əliyevin bu qələbəsi, həmçinin mümkün qarşıdurmalarda şəhid olmağı şərəf biləcək Azərbaycan əsgərini qorudu, xalqımız şəhid vermədən, qansız-qadasız növbəti qələbənin təntənəsini yaşadı.
B. Məhərrəmov deyib ki, Ağdam-Xankəndi yolu ilə 33 il aradan sonra başlanan daşıma, həmçinin qlobal gündəliyə də təsir edəcək hadisədir: "Belə ki, proseslərin məntiqi nəticəsi olaraq artıq “Laçın dəhlizi” anlayışı gündəlikdən çıxır, Ağdam və Laçın yolunun paralel işlənməli olduğunu hamı qəbul edir. Laçın sərhəd-buraxılış məntəqəsindən keçid isə hər hansı xüsusi şərtlərlə yox, yalnız Azərbaycan Respublikasının Sərhəd və Gömrük qanunvericiliyinin tələblərinə müvafiq olaraq mümkündür. Daha dəqiq desək, artıq ortada Azərbaycanın nəzarətindən kənar hər hansı yük və ünsürün daşına və keçə biləcəyi "dəhliz" mövud deyil. Bu məhz 2023-cü ilin aprelin 23-də Azərbaycanın suveren hüququ kimi Laçın sərhəd-buraxılış məntəqəsinin təsis edilməsinin əsas qayəsi idi ki, nəhayət, hər kəs də cari reallığı qəbul etdi".
Seymur Bənnayev
Sitat.info