"Rusiya Ermənistandakı əlaltıları vasitəsilə...." Siyasi şərhçi açıqladı

14:17 22 Sentyabr 2023

Ermənistan parlamentinin qarşısında hökumətin istefası tələbilə etiraz aksiyası keçirilir 

Ermənistanda keçirilən aksiyalarla bağlı Sitat.info-ya açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, Ermənistanda davam edən aksiyaların əsas səbəbi Azərbaycanın keçirdiyi antiterror tədbirləri nəticəsində xunta rejiminin təslim olmasıdır. Əsas səbəb isə şübhəsiz ki, Xankəndinin təslim olmasıdır.

Onun sözlərinə görə, etirazçılar Paşinyanı ittiham edir, onu satqın adlandırırlar: "Əslində baş verən proseslər Ermənistan daxilindəki müxalifət üçün belə qənaətə gəlməyə əsas verə bilər. Bəlkə də ilkin mənzərə onu göstərir, amma faktiki olaraq Paşinyanın geri çəkilməkdən başqa yolu yoxdur. Paşinyan əslində ağıllı siyasətçidir. O özü də başa düşür ki, onun başqa yolu yoxdur, Xunta rejimi Ermənistan siyasi hakimiyyətinin ayağına dolanır. Diqqət etsək görərik ki, son zamanlar xunta rejimi ilə Ermənistan siyasi hakimiyyəti arasında ziddiyyətlər yaranmışdı. Təsadüfi deyil ki, antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri mövqelərimizi atəşə tutmadı. Bu kifayət qədər mühüm və diqqətdən yayınmamalı olan bir məqamdır".

K. Novruzov qeyd edib ki, aksiyalar bir neçə gün davam edəcək. Bəlkə də belə bir təəssürat yarana bilər ki, Ermənistanda belə bir mitinq olmayıb, bu etirazlar daha güclü, daha genişmiqyaslıdır: "Bütün bunlara baxmayaraq aksiyaların ciddi nəticə verəcəyini düşünmürəm. Nəticədə Paşinyanın hakimiyyətdən gedəcəyini də düşünmürəm. Bunu özü də deyib ki, mən hakimiyyətdən getməyəcəm. Etirazlar Paşinyanı yıxmayacaq. Ehtimal var ki, Rusiya Ermənistan daxilindəki əlaltıları vasitəsilə Paşinyanı yıxmağa çalışır, çünki Putin artıq Paşinyandan bezib. Lakin bunun da nətəcə verəcəyini düşünmürəm. Ən azından ona görə ki, Paşinyanın arxasında Qərb dayanıb".

Siyasi şərhçi Kənan Novruzov, xüsusi olaraq Sitat.info üçün.



Xəbər xətti