ABŞ Çin və Rusiyaya qarşı: Adalar uğrunda mübarizə...

11:54 25 Sentyabr 2023

"Amerika Birləşmiş Ştatları bütün tərəfdaşlarına silah satmır. Türkiyə NATO çərçivəsində Amerikanın strateji tərəfdaşı sayılsa da, Vaşinqton Ankaranın hərbi təyyarələr almaq istəyini illərdir uzadır. ABŞ hətta Rusiya ilə müharibə aparan Ukraynaya belə hərbi təyyarə satışını son ana qədər uzadıb. Müharibə başlayan kimi Ukraynanın Amerika istehsalı F-16 hərbi təyyarələri olsaydı, Rusiya Ukraynanın hava məkanında mütləq üstünlüyə malik olmazdı".

Sitat.info xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib. 

O bildirib ki, ABŞ prezidenti Cozef Bayden Vyetnama hərbi texnika satmağı planlaşdırır: "Halbuki, Vyetnam soyuq müharibə illərində keçmiş SSRİ-nin tərəfdaşı idi. ABŞ 1960-1970-ci illər ərzində Vyetmanda müharibədə iştirak edib, bu ölkəyə tonlarla bomba atıb, nəticədə yüz minlərlə insan həlak olub. SSRİ həmin illərdə Vyetnam kommunistlərinə silah və hərbi texnika göndərirdi. Kommunist rejiminin hakim olduğu Vyetnam SSRİ-nin varisi Rusiya ilə sıx münasibətlərə malikdir. Buna baxmayaraq, Vaşinqton keçmiş düşməni Vyetnamla hərbi sahədə əməkdaşlığıa üstünlük verib".

E.Şahinoğlu vurğulayıb ki, Vaşinqtonun məqsədi Vyetnamı Çin və Rusiyadan uzaqlaşdırmaqdır“: "Reuters” agentliyinin məlumatına görə, Vaşinqton Vyetnama F-16 qırıcı təyyarələr satacaq. Halbuki, Amerika bu təyyarələri heç yaxın tərəfdaşlarına satmır. Vyetnamın bu təyyarələrə ehtiyacı var. Çünki Vyetnamın Çinlə müxtəlif sahələrdə münasibətlərinin olmasına baxmayaraq, Hanoy Pekinin regional siyasətindən narazıdır. Vyetnam Çinin dənizlərdə hərbi gücünü artırmasını özü üçün təhlükə kimi qiymətləndirir. Vyetnam əlindəki Rusiya silahını daha modern Amerika silahları ilə əvəz etmək istəyir. Vyetnam Amerikadan hərbi texnika və F-16 qırıcı təyyarələri alarsa, Rusiya və Çinin bu ölkəyə qarşı münasibəti dəyişəcək".

Politoloq onu da əlavə etdi ki, Tayvan adası ətrafında da vəziyəti gərgindir: " ABŞ Tayvana müasir silahlar göndərməkdə davam edir. Pekin Amerikanı Çinin daxili işlərinə qarışmaqda ittiham edir. Amerika Tayvanla hərbi təlimlərinin sayını artırıb. Tayvan isə əksinə Çinin bölgədə artan hərbi təlimlərindən narahatdır. Tayvan rəsmiləri “Reuters” agentliyinə verdikləri müsahibələrdə Çinin hərbi təlimlərinin bölgədə müharibə risqini artırdıqlarını deyiblər. Çinin dənizlərdə hərbi təlimləri Yaponiyanı da narahat edir. Çin hərbi təlimlərinin bir qismini Yaponiyanın adaları yaxınlarında həyata keçirir. Yaponiyanın “Kyodo” agentliyinin məlumatına görə, Çinin hərbi gəmiləri tez-tez Yaponiyanın dəniz ərazilərinə daxil olurlar. Çin Yaponiyaya aid bir qisim adanı mübahisəli sayır və ona görə həmin istiqamətdə hərbi gəmilərinin sayını artırıb". 

Nərgiz,

Sitat.info



Xəbər xətti