Aprelin 2-də İrəvanda yenidən atəş səsləri eşidilib.
SİTAT.İNFO Musavat.com-a istinadən xəbər verir ki, bu gün saat 14:50-də İrəvanın Birinci Kliniki Xəstəxanasından Mərkəzi Polis İdarəsinə 2 vətəndaşın güllə yarası ilə çatdırılması barədə zəng daxil olub. Xəstəxanaya gələnlərə həkimlər yaralıların durumu haqda heç bir izahat verə bilməyəcəyini bildiriblər.
Buna baxmayaraq, hüquq-mühafizə orqanlarının əməkdaşları yaralıların İrəvan sakinləri olduğunu müəyyən edib. Söhbət 35 yaşlı Qagik G. və 43 yaşlı Romeo O-dan gedir. Hüquq-mühafizə orqanlarının əməkdaşlarına o da məlum olub ki, adıçəkilən şəxslər Əmiryan-Zəkiyan kəsişməsinin yaxınlığında yerləşən binanın həyətindən xəstəxanaya aparılıblar.
Hadisə yerinə baxış keçirilərkən 1 ədəd işlənmiş patron darağı və avtomobilin sınmış hissələri aşkar edilib. Erməni mediasının məlumatına görə, polislərdə artıq bir şübhəli haqda məlumat var. Onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Artıq Ermənistanın hava və quru sərhədləri şübhəli şəxs üçün bağlıdır.