"Azərbaycan 44 günlük vətən müharibəsindən sonra bölgədə yeni siyasi konfiqurasiya formalaşdırdı və yalnız Azərbaycanda və Ermənistanda yox bölgədə də qlobal anlamda durmadan nüfuzunu artırmaqdadır".
Bu sözləri Sitat.info-ya açıqlamasında millət vəkili Vüqar İsgəndərov deyib.
Onun sözlərinə görə, 44 günlük vətən müharibəsindəki qələbəmiz həm taktiki, həm texniki cəhətdən dünyanı heyrətə salıb: "Bu günlərdə Ali Baş Komandanın əmri ilə ildrımsürətli antiterror əməliyyatlarının həyata keçirilməsi, hətta orada zərgər dəqiqliyi ilə, yəni mülki infrastruktura və insanlara toxunmadan hərbi obyektlərin dəqiqliklə vurulması, oradakı terrorçuların tərksilah olunması yenə də hərb sahəsində hər kəsi heyrətləndirir. Ordumuz artıq Qarabağda Xankəndi və ətraf ərazilərə daxil olmaqla suverenliyimizin tam təmin olunmasını təmin etmiş oldu".
Millət vəkili deyib ki, ölkə prezidentinin nəyi, nə zaman etməli olduğunu bildirməsi bu dəfə də özünü doğrultdu: "Ölkə prezidenti zamanı gələndə hər kəsin arzuladığı həmin antiterror tədbirlərini həyata keçirdi və 24 saat ərzində Azərbaycan ordusu bütün ərazilərə nəzarət etməyə başladı. Hazırda oradakı yarımhərbi və hərbi birləşmələr silahlarını təslim etməklə məşğuldurlar. Azərbaycanın müvafiq orqanları həmin tərksilah məsələləri ilə məşğul olurlar. Digər tərəfdən, humanitar məsələlərin həll olunması üçün rəsmi Bakı əməli addımlar atır. Xankəndi və ətraf ərazilərə tam nəzarət etməyimizə sayılı günlər qalıb. Belə ki, artıq Xankəndi və ətraf bölgələrdə yaşayan erməni vətəndaşlarımızdan Azərbaycan DİN-ə vətəndaşlığmızı qəbul etmək üçün müraciət edirlər".
V. İsgəndərov icmalarla görüşlərin də davam etdiyini qeyd edib: "Artıq birinci raund Yevlax görüşü keçirilib. İkinci görüş isə Xankəndidə təşkil olunur. Görüşlər təşkil olunduqca çox vacib məsələlər növbə ilə öz həllini tapacaq. Artıq tam deyə bilərik ki, Azərbaycan Qarabağ iqdisadi rayonunda Dövlət suverenliyimizi tam təmin etmişdir".
Seymur Bənnayev
Sitat.info