Ərdoğandan mühüm mesajlar: Zəngəzur dəhlizi açılmalıdır, Ermənistan isə...- Şərh

14:21 28 Sentyabr 2023

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu günlərdə, daha dəqiq desək, sentyabrın 25-də Azərbaycanda səfərdə idi. O, Prezident İlham Əliyevlə Naxçıvanda görüşmüşdü, İğdır- Naxçıvan təməlqoyma mərasimində, Naxçıvandakı hərbi kompleksin açılışında iştirak etmişdi. 

Ərdoğan səfərdən qayıdarkən ənənəvi olaraq jurnalistlərə müsahibə verib. O, Qarabağla bağlı bir çox mühüm məqamlara toxunub. 

Türkiyə lideri Ermənistandan güclü siyasi iradə gözlədiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan-Ermənistan normallaşma prosesində irəliləyişin əldə olunması həm də regional normallaşmaya böyük təkan verəcək. 

Əvvəllər də dediyimiz kimi, Ermənistan baş naziri Nikol Paşinyandan indi ciddi siyasi iradə tələb olunur. Məsələ ondan ibarətdir ki, rəsmi İrəvana təzyiqlər kifayət qədərdir. Rusiya, İran, ABŞ, Fransa Ermənistana fərqli sifarişlər verirlər. Hər birinin məqsədi özünün regional maraqlarıdır. 

Üstəgəl, erməni lobbisi və ölkə daxilindəki radikallar da Paşinyanın əl - qolunu bağlayır. İndi baş nazirin nəinki siyasi həyatı, həm də şəxsi təhlükəsizliyi təhdid altındadır. Ona hər an sui- qəsd cəhdi ola bilər. Ermənistanda davam edən aksiyalar bunun ən bariz nümunəsidir. Vəziyyətin bu yerə çatmasının günahkarı Paşinyan özü, daha doğrusu, onun yarıtmaz siyasətidir. 

İndi baş nazirin iki yolu var. O, ya "ağa"larının "könlünü xoş etmək üçün" regional əməkdaşlıqdan uzaqlaşmağa, nala- mıxa vurmağa davam edəcək, ya da Ermənistanın dövlətçiliyi naminə Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasına, o cümlədən yekun sülh müqaviləsinə razı olacaq. Bu, şəxsən Paşinyan üçün müəyyən mənada riskli olsa da, Ermənistandan ötrü tarixi və həyati əhəmiyyətli qərardır. 

Əslində hazırda zaman Ermənistanın əleyhinə işləyir. Rəsmi İrəvan siyasi baxımından hər ötən gün daha çətin vəziyyətə düşür. Fikrimcə, Paşinyan mövcud durumu və Ermənistanın gələcəyini hesablayar. Bu mənada onun ikinci yolu seçəcəyinə, yəni regional əməkdaşlığa razı olacağına ümid etmək olar. 

Ərdoğanın verdiyi növbəti mesaj Zəngəzur dəhlizi ilə bağlı idi. Zəngəzur dəhlizinin açılmasını Türkiyə və Azərbaycan üçün strateji məsələ kimi qiymətləndirən dövlət başçısı qeyd edib ki, bunun üçün lazımi işlər görüləcək.

Ərdoğan həmçinin bu məsələ ilə bağlı İrandan müsbət siqnalların gəldiyini vurğulayıb.

Bilindiyi kimi, indiyədək Zəngəzur dəhlizinin açılmasına qarşı olan əsas aktor rəsmi Tehran idi. Görünür, Ankara bu məsələdə Tehranı razı sala bilib. Əgər İranın müsbət mövqeyi davamlı olarsa, onda Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağını düşünmək olar. Ermənistan da bu məsələyə razı olacaq. Çünki başqa yolunun olmadığını anlayır. 

Zəngəzur dəhlizinin açılması sülh istiqamətində növbəti addım olacaq.
Qeyd etmək yerinə düşər ki, Azərbaycan ordusunun sentyabrın 19-da keçirdiyi antiterror tədbirləri də perspektivdəki sülh prosesinə ciddi töhfə idi. Beləliklə,  addım-addım sülhə doğru irəliləyirik. 

Bundan başqa, Ərdoğan prosesinin niyə 30 il uzanmasının səbəbləri barədə də danışıb. O söyləyib ki, keçmiş Minsk Qrupunun həmsədrləri- Rusiya, ABŞ və Fransa Azərbaycanın suveren hüquqlarını tanımırdı. 

Türkiyə Prezidentinin sözlərinə görə, Azərbaycan sülh üçün lazımi şəraiti təmin edib, Ermənistanın vəzifəsi ilə sülhün tərəfində olmaqdır. Beləliklə, Ərdoğan növbəti dəfə Ermənistan hakimiyyətinə müraciət edib. 

Ümumiyyətlə, hazırda sülh Ermənistan üçün ən ideal yoldur. Sülh və regional əməkdaşlıq Ermənistanın dövlətçiliyinin gələcəyini təmin edən yol xəritəsidir. Bu mənada Paşinyan Ərdoğanın mesajlarından dərs çıxarmalıdır. 

Türkiyə Prezidenti antiterror tədbirlərinə də münasibət bildirdi. O, tarixi gerçəklikləri, Xocalıda olanları xatırladaq ədalətin bərpa olunduğunu qeyd etdi. Bu, təkcə rəsmi İrəvana yox, həm də onun havadarlarına, beynəlxalq ictimaiyyətə mesaj idi. 

Nəticə etibarı ilə qardaş ölkə başçısının jurnalistlərə açıqlamasında səsləndirdiyi fikirlər regional proseslərin inkişafə baxımından mühüm əhəmiyytəə malikdir. Bu mesajlardan dərs çıxarıb-çıxarmamağa Paşinyan qərar verəcək. 

Siyasi şərhçi Kənan Novruzov, xüsusi olaraq Sitat.info üçün.




Xəbər xətti