"Bunlar separatizmin simvolu sayılır" - Politoloq

12:33 2 Oktyabr 2023

"Erməni heykəltaraş Sarkis Baqdasaryanın müəllifi olduğu “Biz və bizim dağlar” adlı abidə bir çox azərbaycanlı üçün həm estetik baxımdan çirkin hesab edilir, həm də separatizmin simvolu sayılır. 

Ordumuzun Qarabağda keçirdiyi uğurlu lokal antiterror tədbirlərindən sonra Xankəndi və ətraf ərazilər, içərisindəki bütün obyektlər kimi “Biz və bizim dağlar” da nəzarətimizə keçib. Son günlər sosial şəbəkələrdə həmin abidənin sökülməsi ilə bağlı çağırışlar edilir. 

Əlbəttə ki, bu abidə estetika və mahiyyət prizmasından xoş olmaya bilər, lakin sökülməsi doğru qərar olmazdı. Abidəni sökmək, tarixi saxtalaşdırmaq, mədəni soyqırım etmək Azərbaycan xalqının genefondunda olmayan davranışdır. 

Digər tərəfdən, axı niyə öz pulumuzla tikilən, əslində, bizə aid olan abidəni sökməliyik?

Bəli, çoxu bilməsə də, “Biz və bizim dağlar” 1967-ci ildə Azərbaycan SSRİ-nin hesabına Əsgəran rayonunda, Xankəndiyə girişdə tikilib. Yəni istəsək də, istəməsək də bu abidə mədəniyyətimizin bir parçasıdır. 

Yazının əvvəlində qeyd etdim ki, bir çox azərbaycanlı üçün “Biz və bizim dağlar” abidəsi erməni separatizminin simvoludur. Əslində, ermənilər üçün də belədir. Xankəndiyə girişdə tikilən abidənin üzü Ermənistana baxır. Bir növ, bu, Qarabağın Ermənistana üz tutmasının, ona “birləşmək istəməsinin” təsviridir.

Fikrimcə, “Biz və bizim dağlar”ı sökmək yerinə reinteqrasiya prosesinin simvoluna çevirsək, daha doğru addım atmış olarıq. 

Təklif edirəm, Xankəndiyə girişdə tikilən bu abidənin üzünü Bakıya baxacaq şəkildə dəyişək. 

Ermənilər əsrlərlə mədəniyyət abidələrimizi məhv edərək tarixi saxtalaşdırıblar. Biz isə Xankəndidəki bu abidənin tarixini yox, istiqamətini dəyişmiş olacağıq.

Qarabağda hər şey Azərbaycana üz tutmalıdır. Üzləri olmayanlardan başqa...".

Müəllif: Politoloq Turan Rzayev

Sitat.info



Xəbər xətti