Ukraynada müharibə başa çatana qədər Üçüncü Dünya Müharibəsi elan olunacaq" - Siyasi şərhçi

16:06 4 Oktyabr 2023

"Hazırda zaman Ukraynanın əleyhinə işləyir". Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. Report-un yazdığına görə, o bildirib ki, Ukraynanın əks-hücum əməliyyatlarını davam etdirmək üçün 6-8 həftə vaxtı var: “Sonra əlverişsiz hava şəraiti yaranacaq. Hazırda zaman bizim dostumuz deyil”.

C.Kirbinin sözlərinə görə, əks-hücum əməliyyatı hətta Ukraynanın da istədiyi səviyyədə getmədi.

Ağ Ev rəsmisinin fikrincə, hazırda döyüşlər 2 əsas istiqamətdə gedir: “Bunlardan biri Donbas, digəri isə Zaporojye istiqamətləridir”.

C.Kirbi onu da əlavə edib ki, Ukraynaya yardımdan imtina etmək xeyirli olmayacaq.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir.

Əks-hücumun yetərli nəticə verməməsini şərh edən siyasi ekspert Kənan Novruzov  Sitat.info-ya açıqlamasında bildirdi ki, Qərb ilk dəfədir ki, belə ikibaşlı danışır: "Qərb rəsmiləri, həmçinin ABŞ rəsmiləri adətən Ukraynanın əks-hücum əməliyyatlarını yüksək qiymətləndiriblər, ilk dəfədir ki, belə ikibaşlı açıqlama verilir. Bu diqqət çəkən məsələdir. Bəzi ekspertlər ABŞ və Qərbin nə vaxtsa Ukraynanı yarıyolda qoyacağı deyilirdi, dəstəyin dayandırılacağı ifadə olunurdu. Hətta belə fikirlər də var idi ki, Rusiya və Qərb arasında gizli razılaşma var və Ukrayna nə vaxtsa bölünəcək, bir hissəsi Rusiyada qalacaq, bir hissəsi də Qərbdə. Bu gün mən buna inanmıram, ancaq tamamilə istisna etmək də olmur".

K. Novruzovun sözlərinə görə, Ukraynada müharibə davam etdikcə, kollektiv Qərbin də imkanları tükənir: "Çünki bu dövlətlər daha az potensiala malikdir, ABŞ-la İtaliyanın, İspaniyanın, hətta Britaniyanın hərbi imkanları eyni deyil. O baxımdan Qərb dövlətləri arasında ziddiyətlərin əmələ gəlməsi gözlənilən idi. Bu Avropa ilə ABŞ arasında da gərginlik yaradır. Onlar texnika verir, amma nəticəsi olmur, eyni zamanda onların silahları azalır. Mümkündür ki, Avropa dövlətləri dəstək verməkdən imtina etsin. ABŞ isə dəstə verməyə davam edəcək, bu onun öz layihəsidir". 

Siyasi şərhçinin fikrincə, hələ ki, bu müharibənin sonu görünmür və getdikcə miqyası daha da  böyüyəcək: "Daha şiddətli, daha faciəvi nəticələr vəd edən hala keçəcək. Hətta Ukraynada müharibə başa çatana qədər Üçüncü Dünya müharibəsi də elan olunacaq". 

Məğrur, Salmanov

Sitat.info



Xəbər xətti