Paşinyanın bütün addımlarının tək səbəbi var: Putini necə tərksilah etdi?

16:48 6 Oktyabr 2023

"Paşinyan bu gün atdığı addımları heç də Azərbaycana simpatiyasından etmir, gəlin sadəlövh olmayaq. Paşinyan heç vaxt beynəlxalq hüquq tanımaq istəməyib. Beynəlxalq hüquq burada hər hansı bir rol oynamır və yaxud Paşinyanın siyasi, taktiki ambisiyalarından  irəli gələn bir məsələ deyil. Hər şey çox sadədir. Qarabağ Azərbaycanın ərazisi qismində tanıyaraq Rusiyanın Ermənistana təsirini sıfıra endirdi. Çünki nə qədər ki, Qarabağ problemi var, Rusiyanın əlində Ermənistana təzyiq vasitəsi çox güclüdür.  Məhz bu səbəbdən Paşinyan Qarabağı Ermənistandan ayırdı, Azərbaycanın tərkib hissəsi kimi tanıdı".

Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Elçin Alıoğlu deyib.

O bildirib ki, Paşinyan Qarabağ kartını Rusiyanın əlindən alıb: "Mən çox sadə və primitiv deyirəm. Paşinyan bildirir ki, bundan sonra nə dərdiniz varsa, gedin Azərbaycanla danışın. Yəni bildirmək istəyir ki, bundan sonra Rusiya əgər bacarırsa, imkanları varsa, mənə etdiyi təzyiqləri Azərbaycana etməyə çalışsın. İkincisi, Qarabağ erməniləri indi potensial siyasi elektoratdır. Bunun üçün də Paşinyan Qarabağ ermənilərinin hər birinə adambaşı 400 min dram verilməsi, evlərin tikilməsi və s vəd edir. Onların hamısını əyalətlərdə yerləşdirəcək , onların Rusiyaya getməsinə mane olmağa çalışacaq. Çünki onlar Rusiya getsələr, Rusiyada yaşayan erməni diasporunun tərkib hissəsinə çevriləcəklər və Moskvanın əlində Ermənistana təzyiq üçün əlavə bir  baza olacaq".

E.Alıoğlunun sözlərinə görə, Paşinyan bu bəyanatı verdikdən sonra eyni zamanda Ermənistanın Qərbə meyillənmə vektorunu daha da gücləndirdi: "Məhz bu səbəbdən Ursula Fon der Leyen də bəyan etdi ki, Avropa İttifaqı həmişə Paşinyanın yanındadır. Məhz Paşinyanın Rusiyanın təsirindən qurtarmaq istəyindən sonra,  Qranadada Ukrayna prezidenti Vladimir Zelenski Paşinyanla görüşdü . Məhz bundan sonra, bu normativlərdən sonra Paşinyan  Rusiya telekanallarının Ermənistan ərazisində translyasiyanın dayandırılması haqqında ilkin olaraq Ermənistan parlamentinin üzvü Lusi Balasanyanın vasitəsilə bir siqnal verdi. Paşinyan gözəl bilirdi ki, onun bu demarşı Rusiya tərəfindən adekvat dəyərləndiriləcək". 

Siyasi şərhçi vurğuladı ki, Rusiya Ermənistandan çıxmamaq üçün müqavimət göstərəcək: "Rusiya illər boyu çalışıb ki, Qarabağ münaqişəsi , ondan əvvəlki dövrdə Dağlıq Qarabağ münaqişəsi adlanan problemdən  Ermənistana təzyiq göstərmək, onları idarə etmək üçün istifadə etsin.  Rusiya Ermənistanı sürətlə itirməkdədir, amma köhnə dostluqlar, münasibətlər qalır. Ona görə Putin dünənki çıxışında "erməni dostlarımız", "Dağlıq Qarabağdakı erməni dostlarımız" ifadəsini işlədir və bildirir ki, Rusiya hələ bölgədən çıxmaq niyyətində deyil. Bunun üçün də Rusiya  əlində olan imkanları işə salacaq ki, Ermənistan üzərində nəzarət itirməsin, amma itirməkdədir. Ermənistanda Rusiya meylli qüvvələrinin üç gün ərzində keçirdikləri etiraz aksiyaları heç bir nəticə vermədi".

Məğrur Salmanov,

Sitat.info



Xəbər xətti