"Rusiya prezidenti Vladimir Putin sentyabrın 13-də Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda Qarabağla bağlı söylədiklərini oktyabrın 5-də bu dəfə Soçidə Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında təkrarlayıb və onun sözlərində əvvəlkitək separatizmə dəstəyin əlamətlər var".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
O bildirib ki, Putin son açıqlamasında Azərbaycanın ərazi bütövlüyünıə hörmət etmədiyini göstərmiş oldu: "Misal üçün Putin Qarabağda anti-terror əməliyyatına görə Ermənistanın baş naziri Nikol Paşinyanı və Avropa İttifaqının rəhbəri Şarl Mişeli ittiham edib. Putinin məntiqinə görə, Şarl Mişel Nikol Paşinyanı Praqada Azərbaycanın ərazi bütövlüyünü tanımağa razı salandan sonra Rusiyanın Azərbaycanı dayandırmaq imkanları heçə enib. Yəni belə çıxır ki, Paşinyan Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıyan bəyanat verməsəydi, Kreml Qarabağın tamamının Azərbaycanın nəzarətinə keçməsinə imkan verməyəcəkdi.
Putinin təkrarladığı bir başqa açıqlama da Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyin nümunəsidir. Kreml sahibi bildirib ki, Ermənistan rəhbərləri vaxtilə onun 5 rayonu Azərbaycana qaytarmaq təklifinə razılaşsaydılar, Şuşa, Kəlbəcər və Laçın Ermənistanın və erməni separatçılarının nəzarətində qalacaqdı".
E.Şahinoğlu əlavə edir ki, Ermənistanın Putinin təklifinə razılaşması heç nəyi dəyişməyəcəkdi, çünki Azərbaycan heç bir halda Şuşa, Kəlbəcər və Laçının düşmən işğalı altında qalmasına razılaşmayacaqdı: "Bütün hallarda artıq Qarabağda separatizm kartı Rusiyanın əlindən çıxdı".
Məğrur Salmanov,
Sitat.info