"Hazırda çox mürəkkəb situasiya yaranıb. Bir tərəfdən Ermənistan artıq açıq şəkildə öz Qərbpərəst mövqeyini ortaya qoyur və Rusiyaya qarşı Qərbin sifarişlərini yerinə yetirir. Digər tərəfdən isə Azərbaycan da artıq məcburdur ki, bu təzyiqlərin qarşısında öz mövqeyini ortaya qoysun. Yəni, açıq anti-Azərbaycan mövqeyi tutan ölkələrin iştirakı ilə hansısa müsbət nəticəyə nail olmaq mümkün deyil. Açıq şəkildə Fransa ermənilərin tərəfindədir, ermənilərin özündən daha çox ermənidir. Almaniya da təxminən onun mövqədir, ermənilərin mövqeyini müdafiə edir. Avropa İttifaqı da onların mövqeyindədir. Avropa Parlamenti bu günlərdə Azərbaycana qarşı çox sərt, ədalətsiz, qərəzli bir qətnamə qəbul etdi. Bütün bunların fonunda Azərbaycan nə etməlidir?".
Bu sözləri Sitat.info-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.
O bildirib ki, Azərbaycan bu proseslərin davam etməsində maraqlı deyil: " Xüsusilə də Türkiyənin prosesə qoşulmasını istəyir. Azərbaycan Türkiyənin maraqlarını da müdafiə edir. O cümlədən, dediyiniz o qondarma soyqırımı iddiaları ilə bağlı, Türkiyəyə qarşı olan bu məsələlərdə Türkiyənin yanındadır. Əgər kimsə Azərbaycanla hansısa münasibətləri qurmaq istəyirsə, bilməlidir ki, burada Türkiyənin də maraqları nəzərə alınmalıdır. Türkiyəyə qarşı qərəzli mövqeyə son qoyulmalıdır".
A.Nağı hesab edir ki, sülh müqaviləsinin imzalanması yaxın vaxtda real görünmür: "Hazırda belə bir reallıq var. Ona görə də sülh müqaviləsinin imzalanması o qədər də yaxın deyil. Amma indi bu hadisələrdən sonra ümumiyyətlə, uzaqdır, çox uzaq, həddindən artıq uzaqdır. Ona görə də hesab edirəm ki, hələ yaxın vaxtlarda hansısa sülh müqaviləsindən danışmaq çox tezdir. Ermənistan sülh sazişində maraqlıdırsa, buyursun Ermənistan sülh müqaviləsi imzalaması ilə bağlı çalışsın. İndi Bişkekdə oktyabrın ortalarında MDB rəhbərlərinin görüşü olacaqdı. Paşinyan oraya gəlməyəcəksə, ondan sonra da oktyabrın sonunda Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə üçtərəfli görüş nəzərdə tutulur".
Partiya sədri vurğulayıb ki, xeyli müddətdir iki format arasında mübarizə gedir: "Bir tərəfdən Amerika və Qərb vasitəçilik təşəbbüsünü ələ almağa çalışır, digər tərəfdən də Rusiya. Azərbaycan çalışır ki, hər ikisinə münasibətdə balanslaşdırılmış mövqe tutsun. Amma indi onlar məsələni bu şəkildə konkretləşdirirsə, sərtləşdirirlərsə, onda Azərbaycanda öz seçimini edəcək. Ola bilər ki, Azərbaycan Brüssel səfərinə də getməsin və ua ola bilər getsin. Yəqin ki, bunu hadisələrin gedişi göstərəcək və ona görə də belə bir şəraitdə hələlik mövqe mübarizəsi gedir. Hər hansı bir konkret sənədin, sülh sənədinin imzalanması real görünmür".
Ayna Fərhad,
Sitat.info