Yeni Günəşli qəsəbəsinə gedən yolda aylardır ki, təmir işləri aparılır. Təmir əsasən istinad divarının möhkəmləndirilməsi ilə bağlıdır. Ərazidə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “müvvəqqəti narahatlığa görə üzr istəyirik” plakatından bəllidir ki, qurum işini hələ də yekunlaşdırmayıb. İş o qədər pərakəndə aparılır ki, qurumun nə iş gördüyünü anlamaq çətindir.
Sürücülərin dediyinə görə, artıq bir ilə yaxındır ki, AAYDA yolun genişləndirilməsi istiqamətində iş aparır. Ancaq hələ də yekunlaşdır bilməyiblər: “Babək prospektindən Günəşli istiqamətinə gedən zaman hər gün tıxacla üzləşirik. AAYDA-nın əməkdaşları taxta konstruksiya ilə onsuz da ensiz olan yolu bir qədər də daraldıb. Təsəvvür edin ki, 2 -3 zolaqla hərəkət edən avtomobillər həmin hissəyə çatdıqda, “butulka” effekti yaranır, yol daralır, dəhşətli tıxac yaranır. Bəzən 20-30 dəqiqə tıxacda qalırıq. Bu iş niyə yarımçıq qalıb, anlamırıq. Yəqin ki, yola ayrılan milyonları yeyib, üstündən də su içiblər”.
Bəzi sürücülər isə həmin ərazidə torpaq sürüşməsi baş verdiyindən bərkitmə işlərinin aparıldığını bildirdi.
Sitat.info-nun əməkdaşı məsələ ilə bağlı sürücülərin şikayətçi olduğu əraziyə baş çəkib, yolda bir xeyli müşahidə aparıb. AAYDA-nın təmirə bağladığı hissə nəqliyyatın hərəkətinə mane olur. İki yerdə qurumun “üzr” plakatı qoyulub. Yolun təxminən 50-60 metrlik hissəsi taxta konstruksiyalarla bağlanıb. Ehtimal etmək olar ki, yolun kənarəndakı torpaq örütüyünün bərkidilməsi işləri aparılıb. Bərkitmə avadanlıqları yolun təxminən yarı hissəsini bağlayıb. Avtomobillər həmin əraziyə çatanda məcbur bir-birinə yol verirlər, bu da tıxaclara və qəzalara səbəb olur. Təmir zamanı asfalt örtüyü bərbad duruma düşüb. Yolun müxtəlif hissələrində ağır texnikalar dərin çalalar açıb, yol çala-çuxur vəziyyətdədir.
Bir sözlə, Günəşli yolu aidiyyatı qurumun yadından çıxıb, iş də yarımçıq qalıb. Sirr deyil ki, bu yolun genişləndirilməsi və yaxud hər hansı bir bərpa işinin aparılması üçün kifayət qədər vəsait ayrılıb. O zaman niyə iş sona qədər görülməyib?
SİTAT.İNFO-nun əməkdaşı məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxlayıb.
A.Nəcəfli bildirib ki, orada sürüşməyə qarşı istinad divarı qurulur: "Hava şəraitinə görə iş saxlanılmışdı. Hava soyuq olduğundan beton qurumur. Belə bir problem var idi. Yəqin ki, yaxın müddət ərzində işlərə başlanılacaq. Artıq yaz gəlib, betonun quruması üçün heç bir problem yoxdur. Yaxın müdətdə işlərə başlanılacaq".
Səid İsaoğlu,
SİTAT.İNFO