Sudanda 3 milyon uşaq köçkün düşüb - UNICEF-dən dəhşətli statistika

21:29 6 Noyabr 2023

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Sudanda münaqişə başlayandan bəri 3 milyon uşağın evindən didərgin düşdüyünü bildirib.
Sitat.info xəbər verir ki, UNICEF Sudan Ordusu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında baş verən qarşıdurmanın 200-cü günü ilə bağlı açıqlama verib.

Bəyanatda vurğulanıb ki, beynəlxalq ictimaiyyət və münaqişə tərəfləri səylərini artırmalı və hər gün kabuslar yaşayan milyonlarla uşaq və ailənin problemlərinin həlli yollarını axtarmalıdırlar.

Ən ağır bədəli uşaqların ödədiyinə diqqət çəkən açıqlamada qeyd olunur ki, Sudan hazırda dünyanın ən böyük köç böhranına şahidlik edir. Sudanda 3 milyon uşaq təhlükəsizlik, qida, sağlamlıq və sığınacaq axtararaq evlərindən didərgin düşüb. 

Bəyanatda həmçinin 14 milyon uşağın təcili humanitar yardıma ehtiyacının olduğu bildirilib. 

“Sudanda milyonlarla uşağın əzab-əziyyətinin və ölümünün  unudulmuş bir humanitar fəlakətə çevrilməsinə icazə verə bilmərik”. Bəyanatda uşaqların beynəlxalq ictimaiyyətin dəstəyinə və sülhə ehtiyacı olduğu vurğulanıb.

Xatırladaq ki, aprelin 15-də Şərqi Afrika ölkəsi Sudanda ordu ilə HDK arasında qarşıdurma baş verib.

Sudan İnsan Haqları Müşahidə Qrupunun (SOHR) məlumatına görə, aprelin 15-də başlayan və bütün zorakılıqları ilə davam edən qarşıdurmalarda təxminən 10 min insan həyatını itirib, 25 milyon sudanlı humanitar yardıma möhtac olub, 5,4 milyon insan isə məcburiyyət qarşısında evlərini tərk ediblər. 

Sentyabrın 6-da Sudan Suverenlik Şurasının prezidenti və ordu komandanı general Əbdülfəttah əl-Burhan, dövlətə qarşı üsyan etdiyi, vətəndaşlara qarşı ciddi pozuntulara yol verdiyi və ölkənin infrastrukturuna qəsdən təxribat törətdiyi əsaslarla hərbiləşdirilmiş HDK-nın fəaliyyətini dayandırmaq qərarına gəlib.

Burhan beynəlxalq ictimaiyyəti ,  ordu ilə qarşıdurmada olan HDK-nı “terrorçu qrup” kimi qəbul etməyə çağırmışdı.

Regional və beynəlxalq atəşkəs təşəbbüsləri indiyədək tərəflərin qarşılıqlı ittihamları və irəli sürülən şərtlərlə bağlı razılığa gəlməməsi səbəbindən iflasa uğrayıb.

Sudan ordusu, HDK-nın paytaxt Xartumdakı mülki yaşayış məntəqələrini və ictimai obyektləri boşaltmamaq üçün dəfələrlə qanun pozuntusuna yol verdiyini əsas gətirərək iyul ayında Ciddədəki danışıqlardan geri çəkilmişdi.

Ayna Fərhad,

Sitat.info

 



Xəbər xətti