Almaniyanın xarici kəşfiyyat xidməti Buçada mülki əhalinin öldürülməsini müzakirə edən rus ordusunun radio rabitəsini dinləyib.
Axar.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” nəşri məlumat yayıb.
“Almaniyanın xarici kəşfiyyat xidməti rus hərbçilərinin Ukraynanın paytaxtı Kiyev yaxınlığındakı Buça şəhərində törətdiyi vəhşiliklərlə bağlı yeni dəhşətli məlumat əldə edib. Kəşfiyyat Buçada mülki əhalinin öldürülməsini müzakirə edən Rusiya hərbi ratsiyasını dinləyib. Tutulan radio rabitədə bir əsgər başqa birinə velosipeddə bir adamı vurduqlarını söyləyir. Bu, velosipedin yanında yatan cəsədin şəklinə uyğun gəlir. Daha bir danışıqda isə “əvvəlcə əsgərləri dindirirsən, sonra da güllələyirsən” ifadəsi eşidilir. “Vaqner” adlı rus muzdlu birliyinin üzvləri bu vəhşiliklərdə aparıcı rol oynayıblar. Qrupun Suriyada oxşar cinayətlər törətdiyi məlumdur”, - məlumatda deyilir.
Qeyd olunur ki, Buçada dinc əhaliyə qarşı törədilən vəhşiliklər təsadüfi və yaxud nəzarətdən çıxan ayrı-ayrı əsgərlərin hərəkətləri deyil:
“Əksinə, səs yazısı ilə tanış olan mənbələr deyirlər ki, bu material əsgərlərin vəhşiliklər haqqında sanki gündəlik həyatlarını müzakirə etdikləri kimi danışdığını göstərir. Bu səs yazısı ilə tanış olan mənbələrin fikrincə, məqsəd mülki əhali arasında qorxu yaratmaq və bununla da müqavimət əzmini zəiflətməkdir”.