Şəmkirdə sürücülər arasında mübahisə: ölən var

22:50 8 Aprel 2022

Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində iki sürücü arasında düşən mübahisədə biri digərini qətlə yetirib.

SİTAT.İNFO Report-a istinadən xəbər verir ki, hadisə magistral yolun Şəmkir rayon Qədimqala kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Daşkəsən rayon sakini 1983-cü il təvəllüdlü Rasim Əbülfəz oğlu Bağırov idarə etdiyi TIR tipli yük maşını ilə hərəkətdə olan zaman Şəmkir rayon sakini, 1989-cu il təvəllüdlü Samir Sabir oğlu Abdullayev idarə etdiyi VAZ-21011 markalı avtomobil ötmə əməliyyatı aparan zaman qəza şəraiti yaranıb.

Bu zaman sürücülər nəqliyyat vasitələrini yol kənarında saxlayıb yaranmış qəza şəraiti ilə bağlı bir-birlərini təqsirli bilərək mübahisə ediblər. Bu zaman S.Abdullayev qarın nahiyəsindən bıçaqlanıb. Bir bıçaq zərbəsi alaraq ağır halda xəstəxanaya aparılan S.Abdullayev qanitirmədən orada dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən R.Bağırov isə polis əməkdaşları tərəfindən saxlanılıb. O, ilk ifadəsində hadisəni mübahisə zamanı S.Abdullayevin onun ünvanına təhqiramiz ifadələr işlətdiyi üçün törətdiyini bildirib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.



Xəbər xətti